EN

Kənan Məstəliyev: "UEFA reytinqinin 90%-dən çoxu “Qarabağ” Futbol Klubunun uğurudur"

"Azərbaycanın UEFA reytinqində 28-ci yerdə qərarlaşması kifayət qədər yaxşı nəticədir. Çünki ölkəmizdə futbolun ümumi səviyyəsi yüksək olmasa da, futbolçularımız bacardıqlarını göstəriblər və bu, böyük bir irəliləyişdir. Mövcud reytinqin 90-95%-i məhz “Qarabağ” Futbol Klubunun qazandığı nəticələr sayəsində əldə olunub".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib.

"Əgər digər klublarımız – “Neftçi”, “Sabah”, “Qəbələ”, “Zirə” və digərləri – bu reytinqə kifayət qədər dəstək verə bilsəydilər, biz yalnız 28-ci yox, hətta ilk 20-likdə də yer ala bilərdik. Amma ölkə futbolunda çoxsaylı problemlər var: infrastruktur çatışmazlığı, uşaq futbolunda gerilik, peşəkarlıqda və institusional inkişafda boşluqlar. Çempionatın ümumi səviyyəsi müəyyən qədər artsa da, hələ də “Qarabağ”dan başqa klubların Avropada layiqli nəticə göstərməsi müşahidə olunmur".

O bildirib ki, “Qarabağ” Futbol Klubu isə böyük bir nümunədir:

"İstər peşəkarlıq, istər futbol sevgisi, istərsə də idarəçilik baxımından Avropa səviyyəsində bir klubdur. Onun qələbələri həm reytinqimizi, həm də Azərbaycan futbolunun imicini yüksəldir. Əgər “Qarabağ” olmasaydı, mövqeyimiz hazırkı 28-ci yox, 35-36-cı yerlərdə ola bilərdi.

Digər klublarımız olan "Araz-Naxçıvan”, “Zirə”, “Sabah” bu mövsümdə Avropa arenasında uğurlu çıxış etmədilər. Büdcələri və imkanları olsa da, nəticə göstərə bilmədilər və yalnız minimal töhfə verdilər. Daha yaxşı ola bilərdi, amma yenə də bütün ümidlərimiz “Qarabağ”dadır.

Hazırda “Qarabağ” Konfrans Liqasında iki oyunda böyükhesablı qələbə qazanıb və cavab görüşünü gözləyir. Əgər həmin qarşılaşmada da uğurlu nəticə əldə olunarsa, (ehtimalı çox yüksəkdir) komanda turnirin əsas mərhələsinə vəsiqə qazanacaq. Bu isə ən azı 8 oyun keçirmək, daha çox xal toplamaq və reytinqimizi yüksəltmək imkanı yaradacaq".


Əfsanə Kamal
Demokrat.az
Chosen
66
demokrat.az

1Sources