EN

Həbsdə olan vəkil Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib

Həbsdə olan vəkil Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib.

Bu barədə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. VK-nın məlumatında bildirilib ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

APA-nın əldə etdiyi məlumata görə, fəaliyyətinə xitam verilən vəkil həbsdə olan Adəm Məmmədovdur.

Bundan başqa, yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub.

Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə C. Yusifovun müraciəti əsasında A. Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı.

Bakı Apellyasiya Məhkəməsi Adəm Məmmədovla bağlı qərarı qüvvədə saxlayıb.

AzPost.az

Chosen
52
5
azpost.info

6Sources