Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov videomüraciət yayıb.
Şikayətçi Gündüz Məmmədov mediaya ünvanladığı müraciətində Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov tərəfindən aldadılmaları barədə danışıb.
O bildirib ki, 2022-ci ildə qayınatası Məşədiəli Nağıyevin miqrasiya və vətəndaşlıqla bağlı problemləri olub, Rəqsanə İsmayılova və onun həyat yoldaşı onlara bu problemi həll edə biləcəklərini deyiblər:
“Bildirdilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında yaxın adamları var və onlar yüksək rütbəli həmin adamlar vasitəsi ilə qayınatamın problemini həll edəcəklər. Onlar yüksək rütbəli şəxslərin adlarından istifadə edərək qayınatamın problemini həll etməyə söz verdilər. Bu vədlə bizdən hissə-hissə 520 min dollar pul aldılar. Pulu mən və qardaşım Rəqsanə İsmayılovaya və həyat yoldaşı Fazil Əmiraslanova təqdim etmişik. Uzun zamandan sonra anladım ki, onlar bizi aldadırlar”.
G. Məmmədov pulu onlara verməyinə dair əsaslı sübutlarının olduğunu, bütün bunları istintaqa təqdim etdiyini deyib.
Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev APA-ya bildirib ki, həmin şəxs iş üzrə zərərçəkən qismində tanınmayıb: "Mən video materiala baxmışam və məlumat verim ki, həmin şəxs iş üzrə zərərçəkmiş qismində tanınmayıb. Bildiyim qədəri ilə adı iş üzrə şahid qismində keçir. Hərbir halda videoda səslənən məqamları Rəqsanə xanım qəbul etmir və həqiqətə uyğun hesab etmir. Hazırda istintaq davam etdiyindən hadisənin detalları barədə açıqlama vermək istəmirəm, çünki bu, istintaq sirrinin pozulmasına səbəb ola bilər. Əminəm ki, istintaqın gedişi nəticəsində bütün məsələlər tam şəkildə aydınlaşdırılacaq və yekunda ədalətli qərar qəbul ediləcək.”
Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.