EN

Cənubi Qafqazda dəyişən güc balansı: Rusiya imperialist siyasəti ilə regiondan təcrid olunur - ŞƏRH

Rusiya anlamalıdır ki, bu siyasət ölkə daxilində yaşayan bir çox xalqları rus xalqına qarşı düşmən mövqeyinə sürükləyir.

Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Rusiyanın Ermənistanı dəstəkləməsi heç kim üçün sirr deyil:

"İndiki Ermənistan ərazisini məhz Rusiya yaradıb. Bu dövlətin qurulmasının əsas məqsədi isə müsəlman əhalisi arasında parçalanma yaratmaq və idarə olunan bir münaqişə vəziyyəti formalaşdırmaq olub. Bu siyasət artıq 300 ildir davam etdirilir. 44 günlük müharibə zamanı da biz Rusiyanı daim Ermənistanın yanında gördük".

"Rusiyanın Ukrayna ərazisində SOCAR-a məxsus obyektləri məqsədli şəkildə dağıtması Azərbaycana qarşı atılmış xoşagəlməz bir addımdır. Rusiya burada ədalətli mövqe nümayiş etdirməli və vaxtilə SOCAR tərəfindən alınmış həmin obyektlərə toxunmamalı idi. Bu hərəkət Azərbaycana qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının qarşılıqlı bəyanat imzalaması isə Moskva tərəfindən qısqanclıqla qarşılandı. Halbuki uzun illər düşmən olmuş xalqların barışması istənilən normal dövlət tərəfindən müsbət qarşılanmalıdır. Təəssüf ki, Rusiyanın dövlət siyasəti hər zaman imperiapərəst və müstəmləkəçilik ideologiyası üzərində qurulub", - o əlavə edib.

Millət vəkili bildirib ki, cəmiyyətin müəyyən təbəqələrinin, Rusiya senatının propaqandistlərin federal televiziyalarda Azərbaycana qarşı təhdidləri qəbuledilməzdir:

"Onlar başa düşməlidirlər ki, bu siyasət Rusiya daxilində yaşayan bir çox xalqları rus xalqına qarşı düşmən münasibətinə sürükləyir. Bu siyasət uzunmüddətli perspektivdə özünü doğrultmayacaq. Bəzi epizodik uğurlar əldə oluna bilər, lakin yaxın gələcəkdə görəcəyik ki, Rusiya Cənubi Qafqaza yönəlik siyasətində ciddi səhvlərə yol verir. Əgər bu kurs davam edərsə, Rusiya bütövlükdə regiona çıxış imkanlarını itirmiş olacaq. Tövsiyə edərdim ki, Rusiya siyasətçiləri məsələyə daha praqmatik yanaşsınlar və qonşuluq münasibətlərimizi qarşılıqlı hörmət prinsipləri əsasında davam etdirək. SOCAR-a məxsus obyektlərin vurulması, diaspor nümayəndələrinin həbsi və azərbaycanlılara qarşı təhqiramiz davranışlar sadəcə olaraq cılız addımlardır. Neft kəmərləri bərpa oluna bilər, lakin dövlətlər arasında uzun illər ərzində formalaşmış münasibətləri bərpa etmək olduqca çətin olar".

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında qeyd edib ki, Rusiya Azərbaycanla münasibətlərində heç vaxt səmimi olmayıb:

"90-cı illərin əvvəllərində Rusiya dəstək verməsəydi, Ermənistan heç vaxt Azərbaycanın ərazilərini işğal edə bilməzdi. Torpaqlarımız işğal olunandan sonra da Rusiya Ermənistanı əvəzi ödənilmədən silahlarla təmin edib. 1998-ci ildə 1 milyard dollar dəyərində silahın verilməsi və İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın silahlandırılması bu dəstəyin davamı olub və məqsədi torpaqlarımızda Ermənistanın işğalını davam etdirmək idi. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Qarabağda erməni separatizminin kökünü kəsməsi Rusiyanın Azərbaycana qarşı açıq qəzəbini doğurub".

"Təbii ki, 2024-cü ilin dekabr ayında AZAL-a məxsus təyyarənin vurulması və buna görə üzr istənilməməsi, may ayında Milli Məclisin deputatı olaraq mənim heç bir əsas olmadan deportasiya edilməyim, Yekaterinburq hadisələri, eləcə də bu gün də davam edən diasporumuza qarşı aparılan açıq hücumlar, Zatulin, Valuyev, Qrulyev, Solovyov, Simonyan və digər şəxslərin Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik kampaniyası, eləcə də Ukraynada Azərbaycana məxsus neft-qaz infrastrukturunun məqsədli şəkildə vurulması - bütün bunlar Azərbaycana qarşı davam edən düşmən münasibətin bariz göstəricisidir", - A. Badamov deyib.

O bildirib ki, Rusiya imperialist baxışlarını dəyişmək istəmir, bütün qonşuları özüdən uzaqlaşdırır və düşmən edir:

"Bu, eyni zamanda Rusiyanın dünyadan təcrid olunmasını daha da dərinləşdirir. Baş verənlərdən Rusiya düzgün nəticə çıxarmalı və formalaşmış reallıqları qəbul etməlidir. Çünki bu gün artıq 90-cı illərin əvvəlləri deyil. Hazırda bütün ölkələr öz müstəqilliyini qoruyub saxlamaqla yanaşı, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında münasibətlərin qurulmasında maraqlıdır. Təzyiq və güc tətbiq etmək ölkələrarası əlaqələrin davamlılığına zərbə vurur. Bu baxımdan Rusiya düşmənçilik siyasətindən imtina etməlidir".

Chosen
15
1
day.az

2Sources