
İtaliyanın Baş naziri Corcia Meloni Ukraynaya hərbi müdaxilə ehtimalı zamanı sürətli dəstəyin təmin olunması üçün yeni mexanizm yaradılmasını təklif edib.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, sözügedən plan Kiyevə təhlükəsizlik zəmanətlərini nəzərdə tutur, lakin NATO qoşunlarının Ukraynaya yerləşdirilməsini əhatə etmir.
Meloninin təşəbbüsünə əsasən, alyansa üzv ölkələr Ukraynaya hücum olacağı halda 24 saat ərzində cavab vermək və hərbi dəstək göstərmək öhdəliyi daşıyan müqavilələr bağlaya bilərlər. Bu təklif, eyni zamanda, Ukraynanın NATO-ya qəbul olunmaq cəhdlərindən imtina edilməsini nəzərdə tutur.
Agentlik bildirir ki, İtaliyanın planı hazırda NATO daxilində müzakirə olunan bir neçə variantdan biridir. Bununla belə, Qərb ölkələri ilə Kiyev arasında imzalanacaq ikitərəfli sazişlərin gələcəkdə NATO qoşunlarının Ukraynaya yerləşdirilməsini nəzərdə tutub-tutmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.