EN

"Qarabağ" onlara ot yoldurdu, həm də öz stadionlarının otunu

Ağdamlılar demiş, «Qarabağ» macarlara ot yoldurdu, həm də öz stadionlarının otunu. «Qarabağ»ın at ağızlı oğulları ayğır atlar kimi «Ferentsvaroş»u tapdalayıb keçdi. 

Artıq UEFA Çempionlar Liqasının təsnifat turunda beşinci oyundur ki, «Qarabağ» dalbadal qələbə qazanır. İnşallah, Bakıdakı oyunda da qələbə qazanarıq və yenidən Avropanın ən möhtəşəm turnirində qrupa düşərik. Və yenə də Bakıda Çempionlar Liqasının himnini dinləyərik. 

Mətbuata açıqlama vermişdim ki, biz Macarıstandan qələbə ilə dönəcəyik və mən də bu qələbə münasibətilə kəndimizdə qurban kəsdirib imkansız ailələrə paylatdıracam. Bu gün hazırda kənddə olan qardaşıma telefon açdım, dedim ki, bir qurban kəs payla – «Qarabağ»ın qələbəsinə görə. 

Xanımım da «Qarabağ»ın fanatına çevrilib. Bəşir Səfəroğlunun dediyi kimi, naxoşduyub. 

Bir dayım vardı, televizorda futbola baxanda, top ötürüləndə gedirdi televizorun qabağında, gah sağ tərəfə çəkilib baxırdı, gah sol tərəfə. Elə bilirdi ki, onda topun hara getdiyini  görəcək. İndi xanımım da oyun zamanı tez-tez yerindən qalxıb, televizora yaxınlaşır, gah sağdan, gah da soldan baxır. 

Bakıda «Şkendiya» bizim qapıya qol vuranda mən çox dilxor oldum. Xanımım dedi ki, narahat olma, fasilədə Qurban Qurbanov uşaqlara elə bir ruh, motivasiya verəcək ki,  qayıdıb üç-dörd qol vuracaqlar. 

Elə də oldu. 

Macarlarla oynayanda da birinci topu macarlar vurdu, yenə mən pərt oldum. Xanımım yenə dedi:

- Darıxma, fasilədə Qurban Qurbanov yenə uşaqlara elə bir motivasiya verəcək ki, qayıdıb üç-dörd qol vuracaqlar. 

Elə də oldu. 

Həmişə «Qarabağ» oyuna başlayanda xanımıma deyirəm ki, «Qarabağ»a dua elə, Allah sənin duanı eşidir. O da başlayır dua etməyə. 

Qurban xocanı və onun at ağızlı futbolçularını ürəkdən təbrik edirəm.  

Və sonda. «Qarabağ» oynayır. Mən də Vaqif Cavadovun rəhmətlik atası  Füzuli Cavadovla Şərəf tribunasında yan-yana oturmuşam. Yanımızda futbola baxanlar tez-tez Vaqif Cavadova irad tuturlar: topu  düz ötürmədi, topa çata bilmədi, ötürmədə gecikdi və sair. 

Oyunun birinci hissəsinin sonunda Füzuli Cavadov bu iradlara dözmədi, qalxdı ayağa və dedi:

- Burda hamı futbol professoruymuş ki?!

Və çıxıb getdi. 

İndi Azərbaycanda da «futbol professorları» çoxalıb. Sosial şəbəkələrdə, hətta mətbuatda  hamı Qurban Qurbanova məsləhət vermək istəyir.

Məsləhətinizi özünüzə saxlayın. Qurban Qurbanov nəyi necə etməyi çox gözəl bilir. 

Aqil Abbas, qol.az

saytlarin hazirlanmasi

Chosen
36
2
sportal.az

3Sources