EN

İsrail Qəzzaya genişmiqyaslı hücuma hazırlaşır – 60 min ehtiyat əsgər çağırıldı


İsrail ordusu Qəzza şəhərinin tam ələ keçirilməsi üçün nəzərdə tutulan quru hücumuna hazırlıq çərçivəsində təxminən 60 min ehtiyat əsgəri xidmətə çağırıb.
Yeniavaz.com
 “BBC News”a istinadən xəbər verir ki, bu qüvvələr sentyabr ayında döyüş əməliyyatlarına qoşulmağa hazır olacaq, lakin hücumda iştirak edəcək qoşunların əksəriyyəti hazırda aktiv xidmətdədir.
İsrail Müdafiə Nazirliyi bildirib ki, artıq Zeytun və Cəbəliyə bölgələrində qoşunlar hərəkətə başlayıb. Müdafiə naziri İsrail Katzın təsdiqlədiyi plan bu həftənin sonunda təhlükəsizlik kabinetinə təqdim ediləcək. Gözlənilir ki, hücum ərəfəsində Qəzza şəhərindəki yüz minlərlə sakin təxliyə edilərək zolağın cənubundakı sığınacaqlara köçürüləcək.
Plan İsrailin bir çox müttəfiqi tərəfindən sərt tənqid olunub. Fransa Prezidenti Emmanuel Makron xəbərdarlıq edərək bildirib ki, belə bir addım “hər iki xalq üçün fəlakətə səbəb ola bilər və bütün regionu daimi müharibə dövrünə sürükləyə bilər”. Beynəlxalq Qızıl Xaç Komitəsi də daha çox yerdəyişmənin və döyüşlərin intensivləşməsinin Qəzzanın 2,1 milyon sakini üçün mövcud ağır vəziyyəti daha da pisləşdirəcəyini vurğulayıb.
Xatırladaq ki, İsrail hökuməti ötən ay elan edib ki, atəşkəs və girovların azad edilməsi üzrə dolayı danışıqlar nəticə verməsə, Qəzza zolağının bütün ərazisini nəzarətə götürməyi planlaşdırır. Qətər və Misirin vasitəçiliyi ilə irəli sürülən son təklifdə 60 günlük atəşkəs və HƏMAS-ın əlində saxlanılan 50 girovun yarısının azad olunması nəzərdə tutulurdu. HƏMAS bu təklifi qəbul etsə də, İsrail hələlik cavab verməyib.
Chosen
28
yeniavaz.com

1Sources