EN

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası olacaq

ECO-nun 17-ci Zirvə toplantısında qəbul olunmuş Xankəndi Bəyannaməsi, Vaşinqtonda imzalanan sənədlər soydaşlarımızın tarixi torpaqlarına dönüşünün hüquqi imkanlarını artırır

Vətən müharibəsində qazandığı şanlı Zəfəri ilə torpaqlarını işğaldan azad edərək Qarabağ və Şərqi Zəngəzuru cənnətə döndərmək vədini reallşadıran Prezident İlham Əliyev soydaşlarımızın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirir. İşğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdışın sürətləndiyi ölkəmizdə mühüm milli prioritet olan Qərbi Azərbaycana Qayıdışın beynəlxalq gündəlikdə aktuallığını qoruması, yurd nisgili soydaşlarımızın doğma yurdlarına qayıtması istiqamətində görülən işlər daha da intensivləşib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması üçün yeni binanın açılışında söylədiyi «Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən qərbi azərbaycanlılar da qayıdacaqlar, inşallah» sözləri yurd həsrətli soydaşlarımızın doğma ocaqlarına qovuşmaq istəklərinə əminliyi artırır. «İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası»na uyğun davam edən strategiya Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuşdur. Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan Qərbi Azərbaycandan zorla çıxarılmış, təzyiqlərə məruz qalmış soydaşlarımızın öz yurdlarına qayıtmalarına şərait yaradılması və hüquqlarının təmin edilməsi başlıca hədəfdir.

Qərbi Azərbaycana qayıdışla bağlı qəbul olunan bütün bəyanatlarda qeyd olunur ki, Ermənistan irqi ayrı-seçkilik və monoetnik dövlət siyasətinə son qoymalı, Qərbi azərbaycanlılar doğma torpaqlarına qayıtmalı, təhlükəsizlikləri təmin olunmalıdır.

Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci sessiyasının yekun sənədi olan Bakı Bəyannaməsində soydaşlarımızın Qərbi Azərbaycana ləyaqətli qayıdış məsələsinin yer alması onların haqlı tələblərinin beynəlxalq səviyyədə dəstəklənməsinin daha bir ifadəsidir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həllində yerli və xarici qeyri-hökumət təşkilatlarının iştirakı, soydaşlarımızın dinc yolla yurd yerlərinə qayıdışının əsas hədəf kimi diqqətdə saxlanılması, bu istiqamətdə konkret addımların atılmasının əsas məqsədi məsələnin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə tarixi faktlar, obyektiv, müasir dövrün zərurəti baxımından çatdırmaqdır. Bu istiqamətdə davam etdirilən siyasətin dəstəklənməsi göstərir ki, Böyük Qayıdış kimi Qərbi Azərbaycana dönüş artıq milli ideyadır. Çünki tarixi torpaqlara dönüş milli kimliyə, milli varlığa qayıdış, qələbə ideologiyamızın davamıdır”.

Avrasiyanın geostrateji cəhətdən ən əhəmiyyətli regionlarından olan Cənubi Qafqazdakı münaqişəli vəziyyətlərin davamında maraqlı olan qüvvələr bölgədə söz sahibliklərini təmin etmək üçün müxtəlif amillərdən istifadə ediblər və bu gün də mənfur niyyətlərində israrlıdırlar. Regionda davamlı sülhün təmin olunması üçün başlıca şərt olan Ermənistanla Azərbaycan arasında etimadın bərpa edilməsinə, sülh sazişinin imzalanmasına və kommunikasiya xətlərinin , Zəngəzur dəhlizinin açılmasına, Qərbi Azərbaycana qayıdışa mane olanlar hələ də ən çirkin vasitələrdən istifadə edirlər. «Qarabağ münaqişəsi»ni bilərəkdən yaradanlar, illərdən bəri etnik təmizləmə siyasəti yeridən Ermənistana dəstək göstərənlər, «nə sülh, nə müharibə» siyasəti yeridənlər İkinci Qarabağ müharibəsindən sonra da bölgədə əbədi qalmaq niyyətlərindən əl çəkmirlər. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan həmin bədniyyətlilər, soydaşlarımızın ata yurdları Qərbi Azərbaycana dönüşünü əngəlləyənlər hələ də rəsmii İrəvana təsir göstərirlər.

Hazırda Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki proseslər fonunda Cənubi Qafqaz regionunun strateji əhəmiyyətinin daha da artması bölgə uğrunda güc amilini aktuallaşdırır. Daim milli maraqlara əsaslanan praqmatik, çoxvektorlu və tarazlı siyasət yürüdən Prezident İlham Əliyev siyasi iradəsi, qətiyyəti ilə Ermənistanı sülh gündəliyindən uzaqlaşdırmağa çalışanlara layiq olduqları cavabı verir. Bu ilin may ayında Albaniyada Avropa Siyasi Birliyi çərçivəsində keçirilmiş qısa təmasdan, Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən narahat olanlar Qərbi Azərbaycana qayıdışın açarı olan Zəngəzur dəhlizinin açılmasını az qala həlli müşkül siyasi hadisə kimi müxtəlif, əsassız bəhanələrlə dünya gündəmindən çıxarmağa çalışırlar.

Rəsmi İrəvanla rəsmi Bakı arasında danışıqların gündəliyində sülh müqaviləsinin yekunlaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə birlikdə xüsusilə Zəngəzur dəhlizinin əsas müzakirə mövzusu olması tərəflər arasında etimad mühitinin formalaşmasını təmin etməklə həlli vacib digər perspektivlərin reallaşması baxımından bu gün daha vacibdir. Dəhlizin açılması təkcə Azərbaycanla Naxçıvan arasında birbaşa bağlantını təmin etməyəcək. Eyni zamanda, bütün region üçün iqtisadi və geosiyasi faydalar vəd etməklə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı üçün stimul olacaq.

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısında « Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk» sözləri ilə Ermənistandan zorla qovulmuş azərbaycanlıların tarixi torpaqlarımıza sülh yolu ilə, ləyaqətli qayıdışının hüquqi əsasları olduğunu bildirən Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışa beynəlxalq dəstəyi yüksək qiymətləndirir. 

ECO-nun 17-ci toplantısında qəbul olunmuş Xankəndi Bəyannaməsində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib. Bu nüfuzlu təşkilat çərçivəsində Qərbi Azərbaycan məsələsinin qaldırılması vaxtilə indiki Ermənistan ərazisindən zorla didərgin salınan, etnik təmizləməyə məruz qalan soydaşlarımızın dədə-baba yurdlarına qayıdışına beynəlxalq dəstək baxımından mühümdür. Həmin Xankəndi Bəyannaməsində, ECO-nun gələcək gündəliyində də Qərbi Azərbaycana Qayıdışın diqqətdə saxlanılması, ölkəmizin bu sahədə müəyyənləşdirdiyi konsepsiyanın dəstəklənməsi dövlətimizin gücünün, sülh təşəbbüslərinin, quruculuq və qayıdış zəfərlərinin rəmzidir.

Regional təşkilatdan qlobal siyasətə əsaslı təsir edə biləcək quruma çevrilən, təhdidlərə cavab vermək imkanı genişlənən, ölkəmizin sülhə, mehriban qonşuluğa, iqtisadi və siyasi əməkdaşlığa yönəlmiş siyasətini dəstəkləyən ECO-dan sonra Vaşinqtonda keçirilən görüşdə də Azərbaycanın tələb və təklifləri dəstəkləndi. ABŞ, Azərbaycan, Ermənistan liderləri Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında təşkil olunan Vaşinqton görüşündə qəbul olunan sənədlər, sülh sazişinin paraflanması soydaşlarımızın Qərbi Azərbaycana dönüşünə «yaşıl işıq» yandırdı.

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamədə Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması, yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac duyulduğunun qeyd olunması Qərbi Azərbaycana qayıdışın hüquqi əsaslarla təminatına imkan yaradır. Birgə Bəyannamədə qeyd olunan «Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik» sözləri doğma torpaqlarına qayıdacaq soydaşlarımızın təhlükəsizliyinin , qarşılıqlı hörmət və daimi sülhün təminatına əminliyin ifadəsidir.

 Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
5
ikisahil.az

1Sources