Bir sıra Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində ABŞ-nin öz qırıcılarını Rumıniyada yerləşdirməsini istəyir.
"Report"un məlumatına görə, bu barədə "The Times" qəzeti məlumat yayıb.
"Yüksək rütbəli Avropa hərbi rəhbərləri NATO-nun Avropada ən böyük aviabazasını inşa etdiyi Rumıniyada Amerika "F-35"lərinin yerləşdirilməsini müzakirə edirlər", - materialda qeyd olunur.
Nəşrin yazdığına görə, müttəfiqlər Vaşinqtondan Ukraynanın Amerika kəşfiyyat məlumatlarına çıxışını və Amerika peykləri vasitəsilə GPS istifadəsini təmin etməsini istəyirlər. Bundan əlavə, Avropa ölkələri ABŞ-dən Kiyevə "Patriot" və NASAMS zenit-raket komplekslərinin tədarükü üzrə öhdəliklər, həmçinin gələcəkdə Qara dəniz üzərində kəşfiyyat təyyarələrinin istifadəsinə icazə verməsini gözləyirlər.
Nəşr xatırladıb ki, Ukrayna münaqişəsinin ilk aylarından etibarən Britaniya Hərbi Hava Qüvvələri bu regionda Amerika "RC-135 Rivet Joint" təyyarələrinin köməyi ilə aktiv kəşfiyyat uçuşları həyata keçirib, lakin bu gəmilərin istifadəsi yalnız Vaşinqtonun razılığı ilə mümkündür.