Serbiyanın 50-dən çox şəhər və qəsəbəsində ölkə hakimiyyətinə dəstək aksiyaları keçirilir.
Bu barədə yerli RTS telekanalı məlumat yayıb.
Serbiya Prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, bu mitinqlər hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarına qarşı deyil, etirazın bildirilmə formasına qarşı yönəlib: “Biz heç vaxt insanlara qarşı deyilik, lakin blokadalara və zorakılığa qarşıyıq”.
O qeyd edib ki, küçələri bağlayan insanlar üzlərini gizlədirlər: “Onlar gizlənirlər, çünki təklif edəcəkləri heç bir şey yoxdur və təhlükəsizliklərindən qorxurlar”.
“Report” xatırladır ki, Serbiyada etirazlar 2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmiryol vağzalının damının bir hissəsinin uçmasından sonra başlayıb. İnsident zamanı 16 nəfər ölüb. Zaman keçdikcə bu aksiyalarda siyasi şüarlar də səslənməyə başlayıb.
Serbiyanın şəhərlərində vəziyyət ötən həftə gərginləşib. Etirazçılar aksiyalarını gücləndirib, axşam və gecə saatlarında onlar polislə toqquşmaya girir, yolları bağlayırlar.