ain.az, Kulis.az portalına istinadən məlumat yayır.
Kulis.az Əli Şirin Şükürlünün "Ekzistensializm mədəniyyət hadisəsi kimi qeyri-səlis münasibətlər konteksində" fəlsəfi essesini təqdim edir.
Giriş
Elmi sahələrdə və fəlsəfi düşüncə sistemində baş verən fundamental dəyişiklik və yeniliklərin elmi-texnoloji, idarəetmə, qərarvermə və həyatın digər praktik sahələri ilə yanaşı, mədəniyyətə də transformasiyası bu sahələrdə yeni paradiqmaların yaranmasına səbəb olur. Bu perspektivlər eyni zamanda müxtəlif düşüncə sistemləri üçün epistemoloji müstəvini də genişləndirir.
Elmi idrakın məhsulu olan, postqeyri-klassik idrak mərhələsində xüsusi rola malik qeyri-səlis çoxluqlar nəzəriyyəsi (həmçinin bu nəzəriyyə əsasında yaranan qeyri-səlis məntiq nəzəriyyəsi) qeyri-müəyyənlik şəraitində qərarvermədə və idarəetmə sahələrində insan təfəkkürünə daha yaxın, daha adekvat elmi aparat olmaqla elmi-nəzəri, texnoloji və ümumiyyətlə, həyatın müxtəlif sahələrində geniş tətbiq imkanlarına malikdir. Hadisə və predmetlərə tədqiqat obyekti olaraq çoxqiymətli məntiqi yanaşma, onların qeyri-səlis təfəkkür modeli vasitəsilə təhlili mədəniyyət sahəsindən də yan keçmir.
Qeyd olunanları nəzərə alaraq bu essedə formalaşma mərhələsi keçən əsrin ortalarına təsadüf edən ekzistensial düşüncə sisteminin qeyri-səlis münasibətlər (qeyri-səlis təfəkkür modeli) konteksində fəlsəfi təhlili aparılmışdır. Çoxqiymətli məntiq konteksində aparılan təhlil bu iki düşüncə sistemi arasında müəyyən korrelyasiyanı ifadə edən epistemoloji nəticələri ilə xarakterizə olunur. 2. Ekzistensializm
Ekzistensializm - mövcudluq (existentia) fəlsəfəsi sayılan bu ekzistensial təfəkkür üsulunun kökləri əvvəlki dövrlərin filosoflarının - bu təlimin atası sayılan S.Kyerkoqordan ta Paskalın, Avqustinin, Sokratın və s. zəngin düşüncə sahiblərinin fəlsəfi dünyagörüşlərinə qədər gedib çıxır.
Kyerkoqor hesab edir ki, kainat, o cümlədən dünyamız barəsində abstrakt düşüncə sistemlərinin heç bir önəmi yoxdur, əsas olan insan varlığıdır, çünki əsl diqqətə layiq olan onun düşüncələri, yaşantıları, qorxusu, kədəri, sevincidir. Ümumiyyətlə, bu fəlsəfi istiqamət əsas konsepsiya olaraq individuallığı önə çıxarır: hər bir insanın həyat və duyğuları fərdi olmaqla unikal və təkrarolunmazdır.
Bu konteksdə bir çox filosoflar kimi, Fukonun bu refleksiyası da çox maraqlıdır. O, hesab edir ki, fəlsəfənin əsas məsələsi indi – hazırda olana müraciət etməkdir və indi olan isə elə biz özümük. M.Haydegger, K.Yaspers, J.P. Sartr, N.Berdyayev ekzistensializmin ən görkəmli nümayəndələrindən hesab olunur.
Bu təlimə görə, insan özünü ekzistensiya – fərd olaraq şəxsiyyət kimi tam dərk etmək üçün onun həm də təhlükəli situasiyada olması vacibdir. Çünki insan bu situasiyada daha düzgün seçim və qərar verməyə qadirdir. Bu fəlsəfi təlim üçün qorxu hissi neqativ hadisə olaraq dəyərləndirilmir, əksinə, hesab edirlər ki, qorxu insanı səlis, ritmli həyat tərzinə malik heyvani varlıqdan qoparmaqla ona təhlükə sərhəddində qərar vemək azadlığı bəxş edir.
Göründüyü kimi, bu təlim qorxuya da insanın seçim azadığının, ekiztensiyasının əsas atributu olaraq koqnitiv məna verməklə azadlıq, seçim, fərdi qərarvermə, intiusiya kimi əsas anlayışları siyahısına daxil edir. Ümumiyyətlə, bu fəlsəfi dünyagörüşünün əsas tezislərindən biri də budur ki, hər bir fərd həyatının sərhədlərini dərk etməli və buna görə məsuliyyət daşımalıdır.
İnsan həyatı – aramsız olaraq yeni forma və əlamətlərlə təşəkkül tapdığı kimi aramsız olaraq da seçim qarşısındadır. “Varlıq və heçlik” əsərində insana münasibətdə individualist mövqeyi müdafiyə edən Sartr digər - “Ekzistensializm – hümanizmdir” əsərində qeyd edir ki, insanın mövcudolma göstəricisi onun həyati məna və mahiyyətindən daha əvvəldir. Filosofa görə, İnsan özü özünü seçir; mövcudluğa sanki eyni qaydada atılan bütün insanlar öz identikliyini müəyyənləşdirməkdə azaddır və insan həyatı üçün əvvəlcədən müəyyənləşdirilmiş heç bir norma, ideya yoxdur.
Deməli, insan seçimdə azaddır, lakin həyatının sərhədlərini dərk etməli olduğu kimi, azadlığının da sərhədlərini və məsuliyyətini anlamalıdır. Yəni bu kimi refleksiyalar belə bir qənatə gəlməyə imkan verir ki, insan sosiomədəni mühitin tərkib hissəsi olduğundan həyati seçim və azadlığının limitini – məhdudiyyətini də nəzərə almalı və əməli fəaliyyətdə həm də məsuliyyət daşımalıdır.
Kamyu deyir ki, mən dünyanın unikal mənasını anlamıram, çünki o, mənə görə, irrasionallıqla doludur. Mütləqə canatma isə həmişə uğursuzluqla nəticələnir. Çünki ağıl həmişə həqiqət və yalanı ayırmağa çalışır, amma sonra anlayır ki, həqiqətə çata bilməz. Filosofa görə, insan həyatın məna axtarışında daima absurdla üz-üzə qalır. Onun “Sizif haqqında əsatir” fəlsəfi əsərində “mənasızlıq qəhrəmanı” olaraq yaratdığı Sizif obrazı sanki tamamilə insan fəliyyətinin mənasızlığını ifadə edir. Lakin müəllifin bu fəlsəfi arqumentasiyasında bir əxlaqi konsepsiyasını da sezmək olur; insan istənilən situasiyalarda öz mövcudluğunu saxlamalı – insan olaraq qalmalıdır.
Alman ekzistensializminin banilərində biri olan M.Haydegger hesab edirdi ki, fəlsəfənin əsas məsələsi insan varlığının mahiyyətini müəyyənləşdirməkdir; həyatın mənası nədir, bu dünyada insanın yeri və rolu nədən ibarətdir. Çünki insan kainatın yeganə varlığıdır ki, o öz mövcudluğunu anlamaqla varlıq barədə idrak edə bilər; insan dünyanı suallarla seyr edərsə, dünya da onu idrak, duyğu, iradə vasitəsilə cavablandırar.
Filosofun Dasein (varlıq; ekzistensiya) konsepti insan varlığının dəyişkən və qeyri-müəyyən xüsusiyyətlərə malik olduğunu bildirir. İnsan öz varlığını dərk etdikcə varolmanın mənasını tapmağa başlayır. Onun fikrincə, insanlar dünyanı öz həyati layihələri hesabına anlamağa çalışırlar və onların dünyaya daxil olmaları üçün bu “layihələrdən” başqa heç biri yolu yoxdur. Fenomenlər hər hansı bir layihənin nəticəsində aşkar olunduqları kimi təzahür edirlər.
Dasein Haydeggerin "Varlıq və Zaman" adlı fundamental əsərinin əsas konsepsiyasıdır. Dasein insanda ümumi varlığı dərk edən gizli bir qabiliyyətdir. Dasein varlıq olaraq mövcuddur. Daseinin ekzistensial quruluşunu açmaqla insan həyatın mənasını tapa bilər. Bu strukturlara ekzistensiallar deyilir. İnsan varlığının bir yolu olaraq, ekzistensiallar kateqoriya və anlayışlardan əvvəl gəlir. Bu üstünlük dərketmə fenomeninin əsasında dayanır və onun ilkin quruluşudur. İnsan anlayaraq düşünür.
Düşüncə varlıqla bağlı olub dillə həyata keçirilir. Haydegger vurğulayır ki, Dasein anlayışı subyektlə qarışdırılmamalıdır: o, obyektiv olaraq mövcuddur və “dünyaya qarışmış” bir varlıqdır. Filosofa görə, siviliyasiyanın problemləri ona yönəli təfəkkür strukturunun düzgün qurulmamasıdır. Fəlsəfə insan varlığının mənasını düzgün müəyyənləşdirib anlada bilərsə, təfəkkür mədəniyyətini dəyişdirməklə, təbii ki, dünyanı daha yaxşı məcraya yönəltmiş olar.
Beləliklə, ekzistensializm təliminə xas fəlsəfi refleksiyalar varlığın yeni ontoloji struktunu verməklə dünyanın substansial xarakteristikasını da dəyişdirməyə cəhd edir: insan mövcudluğunu önə çıxarmaqla onun varlığını mənalandırmaq və dünyanı yeni təfəkkür mədəniyyəti vasitəsilə idrak edərək dəyişdirmək. Təbii ki, bu fəlsəfi məktəb insan varlığının mahiyyətinə onun seçim azadlığı, fərdi qərarvermə və s. xüsusiyyətləri ilə məna verməklə yanaşı, idrak xüsusiyyətlərini də vacib hesab etməklə varlığın mahiyyətinin dərki prosesində epistemoloji yanaşmanı da zəruri hesab edir. İnsan bir çox situasiyalarda seçim və qərarvermə azadlığına malik olsa da, öz varlığının mahiyyətini anlayan yeganə şüurlu varlıq olaraq idraki keyfiyyətlərə malikdir.
Əsası XIX əsrdə qoyulan bu fəlsəfi təlimin yenidən vüsət alaraq son formalaşmasının XX əsrin ortalarına təsadüf etməsinə səbəb nə idi? Elmi mənbələr bunu XX əsrdə baş verən dünya müharibələri, hərbi fəlakətlər, faşizm ideologiyası, iqtisadi krizis və bəşəriyyəti fəlakətlə üz-üzə qoyan digər bir çox amillərlə əlaqələndirirlər.
Nəticədə inamın, humanizmin krizisi, ideal cəmiyyət yaradacaq ideyaların çökməsi tarixi proseslərin məntiqi, rasionallıq kimi xüsusiyyətlərinə şübhə yaratmaqla, konkret insan həyatı və onun dəyəri barədə düşüncələri aktuallaşdırdı və idrak prosesinin insan individualığı və identikliyi anlamını ön plana çəkmiş oldu.Beləliklə, bu təlimin bəzi nəticələrini konteksimizə uyğunluğu baxımından bu tezislərlə ümumiləşdirə bilərik: 1. Mövcudluğun üstünlüyü: Mövcudluq mahiyyətdən əvvəl gəlir – insan varlıq olaraq öz mahiyyətini özü yaradır; 2. Subyektivlik: İdrak subyektini önə çıxarır, hər bir insanın təcrübəsi özünə məxsus, unikal olub, onun mövcudluğunu formalaşdırır; 3. Qeyri-müəyyənlik: İnsanı idarə edən əvvəlcədən təyin edilmiş heç bir universal – mütləq həqiqət deyilən normalar mövcud deyildir, o öz identikliyini müəyyənləşdirməkdə azaddır; 4. Seçim azadlığı: İnsan özü özünü seçir və varlıq olaraq hansı keyfiyyətə malik şəxsiyyət olacağını özü təyin etməlidir; 5. Absurdluq və irrasionallıq: Həyatın mənası və məqsədi barədə suallara cavab axtarışı; həqiqət və yalan arasında qeyri-səlislik (kəsilməzlik; sərhədsizlik); mütləqliyin, o cümlədən həqiqətin nisbiliyi və bu nisbiliyin doğurduğu koqnitiv çoxmənalılıq.
3. Qeyri-səlis münasibətlər və qeyri-səlis məntiq
3.1. Qeyri-səlis münasibətlər. Lütfi Zadə “Qeyri-səlis çoxluqlar” (Fuzzy sets) məqaləsində qeyd edir ki, real fiziki aləmdə çox hallarda elə obyektlər sinfi ilə rastlaşırıq ki, mənsubiyyət dəqiq müəyyənllik kriteriyasına malik deyildir. Nümunə göstərir: məsələn, heyvanlar sinfinə elementləri qismində, aşkardır ki, itlər, atlar quşlar və s. daxildir, amma daş, bitki və s. bu qəbildən olanlar isə daxil deyildir. Amma bakteriyalar, dəniz ulduzları və s. bu kimi obyektlər isə heyvanlar sinfinə münasibətdə qeyri-müəyyənlik statusuna malik olur. Lakin bu kimi qeyri-dəqiq təyin olunmuş obyektlər sinfinin insan təfəkküründə, xüsusilə, obrazların tanınması, informasiyaların verilişi və abstaksiya sahələrində mühüm rola malik olduğu bir faktdır.Ümumiyyətlə, informasiyanın idrak subyektində yaratdığı natamamlıq, qeyri-dəqiqlik tədqiqat obyektinə münasibətdə qeyri-müəyyənlik doğurur. Bu tip qeyri-müəyyənliklər elmi ədəbiyyatlarda, əsasən, linqivistik (qeyri-səlis) qeyri-müəyyənlik kimi təsnifatlaşdırılır. Linqivistik qeyri-müəyyənliyin qiymətləndirilməsi isə qeyri-səlis çoxluqlar (QSÇ), qeyri-səlis məntiq (QSM) və bu nəzəriyyələr əsasında formalaşmış digər elmi aparatların göməyi ilə həyata keçirilir. Bu tip qeyri-müəyyənliklər isə obyektə münasibətdə qeyri-səlis münasibətlər doğurur. Qeyri-səlis münasibətlər bir-birinin əksi olan mülahizələr (tezis və antitezis) arasında tam sərhədlərlə ayrılması mümkünsüz (aralıq vəziyyətlər kəsilməz: qeyri-səlis) və dəqiq müəyyənlik kriteriyasına malik olmayan aralıq vəziyyətlərin bir-biri ilə əlaqəsini ifadə edən münasibətlərdir. Məsələn: Gənc və qoca insan arasında müxtəlif aralıq vəziyyətlər: çox gənc, qismən gənc, qismən qoca, çox qoca və s. Ucuz və baha məhsul arasında aralıq vəziyyətlər: nisbətən ucuz, cox ucuz, qismən baha, çox baha, lap çox baha və s. Qeyri-müəyyənlik şəraitində obyektə münasibətdə yaranan qeyri-səlis münasibətlər qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin (qeyri-səlis münasibətlərin məntiqi qiymətləndirilməsi və bu konteksdə məntiqi nəticələrin alınması) əsasını təşkil edir. Qeyri-səlis çoxluqlar nəzəriyyəsi idrak subyektivliyini özündə etiva edən və qeyri-müəyyənliyin, qeyri-səlis informasiyaların ciddi riyazi təsvirini verən bir elmi aparatdır.Qeyri-səlis məntiq nəzəriyyəsi qeyri-səlis çoxluqlar nəzəriyyəsi əsasında formalaşmış və elmi, elmi-texnoloji və həyatın digər müxtəlif sahələrində məntiqi nəticələrin alınmasında istifadə olunan elmi aparat olub, bir-birinə əks iki mülahizənin aralıq vəziyyətlərinin həqiqilik (doğruluq) qiymətlərini müəyyənləşdirən çoxqiymətli məntiq konsepsiyadır.
3.2. Qeyri-səlis məntiq. Qeyri-səlis çoxluğun təyini nəyi ifadə edir: çoxluğun hər bir elementi çoxluğa müəyyən dərəcə ilə daxildir (bu, mənsubiyyət funksiyası vasitəsilə ifadə olunur). Yəni bu çoxluq formal məntiqə əsaslanmır. Aristotelin 3-cü məntiq qanununa (Üçüncünün istisna qanunu) görə, irəli sürülən mülahizə doğru deyilsə, demək, onun tərsi doğrudur.
Klassik çoxluqlar nəzəriyyəsi də bu məntiqə əsaslanır: element çoxluğu ya daxildir, ya da daxil deyil. Lakin QSÇ nəzəriyyəsi elementin çoxluğa dərəcə ilə daxil olması konsepsiyasını irəli sürməklə, mənsubiyyət anlayışını mənsubiyyətin dərəcəsi ilə əvəz etmiş oldu və kəsilməz çoxqiymətli – qeyri-səlis məntiqin əsasını qoydu.
Klassik - ikili məntiqə görə, hər hansı bir mülahizənin doğruluq (teziz və antitezisi) səviyyəsini iki məntiqi qiymət müəyyən edir: doğru (tezis) – 1; yanlış (antitezis) – 0. Bu məntiq “ya-ya” seçiminə əsaslanır. İrəli sürülən mülahizə ya doğrudur, ya da yanlışdır. Lakin çoxqiymətli məntiq isə tezis və antitezis arasında məntiqi qiyməti kəzilməz (fasiləsiz) sonsuz intervala çevirdi: [0;1]. Çoxqiymətli məntiqdə mənsubiyyət funksiyası mülahizənin doğruluq qiyməti olaraq interpretasiya olunur və artıq qeyd olunduğu kimi, [0;1] intervalından kəsilməz sonsuz (kontinuum) qiymətlərə malik olur.
Bu məntiq “əgər-onda” seçiminə əsaslanmaqla irəli sürülən mülahizə ilə onun tərsi arasında çoxlu aralıq vəziyyətləri qiymətləndirməyə imkan verir. Çoxqiymətli məntiq, bir növ, qeyri-müəyyənlik şəraitində həqiqət anlayışını qismən həqiqət anlayışı ilə əvəz etməklə məntiqi qiymətləndirmə konseptini genişləndirmiş oldu.
İkili məntiqdən fərqli olaraq gənc olmayan insanı yaşlı, ucuz olmayan məhsulu baha, soyuq olmayan temperaturu isti kimi qiymətləndirmir, onlar arasında qeyri-səlis (kəsilməz - aramsız) keçidin yaratdığı sonsuz vəziyyətləri xarakterizə edən hər bir keyfiyyət göstəricisinin dərəcəsi ilə mümkünlüyünü nəzərə alır: gənc deyilsə, nə dərəcədə gənc deyil və nə dərəcədə yaşlıdır – ortayaşlıdır, yaşlıdır, çox yaşlıdır, lap çox yaşlıdır və s.
Yəni bir mülahizənin doğruluq səviyyəsi sonsuz kəzilməz məntiqi qiymətlər ala bilər və aldığı məntiqi qimətlərdən asılı olaraq müxtəlif doğruluq dərəcəsinə malikdir. Bir mülahizənin doğruluq dərəcəsi azaldıqca qeyri-səlis olaraq onun tərsinə keçid baş verir və tərsinin doğruluq dərəcəsi artır. Bu isə hər mülahizənin (tezisin) onun əksi olan mülahizəni (antitezisi) müəyyən dərəcə ilə özündə (saxlamasıdır) ifadə etməsidir; yaşlılığın dərəcəsi azaldıqca, onun əksinin – gəncolmanın dərəcəsi artır və yaxud əksinə.
Deməli, hər bir varlıq öz əksini müəyyən dərəcəsi ilə özündə saxlayır və onun üçün əsas rolunu oynayır. Konteksimizə uyğun olaraq Əl-Fərabinin bu fikrini xatırlamaq yerinə düşür: Ağın olması qaranın yoxluğu deyil. Hər əksilikdə digər tərəfin əsası qoyulur və varlıq bir əksilikdən tədricən başqasına keçir. Deməli, QSM nəzəriyyəsi bir çox elmi-praktik sahələrdə (qeyri-səlis modellərin qurulmasında) və eyni zamanda elmi-fəlsəfi dərketmədə, problemə epistemoloji aspektdə yanaşmalarda irəli sürülən mülahizələri daha adekvat məntiqi qiymətləndirməyə (çoxqiymətli məntiqə) imkan verir. Yəni bu nəzəriyyə tezis və antitezis arasında aralıq vəziyyətlərin, kəsilməz – fasiləsiz məntiqi qiymətləndirməsini həyata keçirən elmi aparatdır.
Məsələn, bu çoxqiymətli məntiq nəzəriyyəsi məntiqi qiymətləndirmədə soyuq temperaturdan istiyə, cavan yaşdan qocaya, ucuz qiymətdən bahaya və s. bir-birinə zidd göstəricilər arasında keçidin, yuxarıda qeyd olunduğu kimi, bütün kəsilməz sonsuz (kontinuum) vəziyyətini nəzərə almağa və riyazi təsvirini yaratmağa imkan verir. Bu məntiqi qiymətləndirmədə subyektiv epistemologiya idrak obyektinin daha çox keyfiyyət göstəricilərini nəzərə ala bildiyindən qurulan uyğun modellərin daha çox adekvatlığını təmin edir.
4. Ekzistensizalizm qeyri-səlis münasibətlər (qeyri-səlis məntiqi təfəkkür modeli) konteksində
Artıq qeyd etdik ki, qeyri-müəyyənlik şəraitində tədqiqat obyektinə, ümumiyyətlə, bütün hadisə və predmetlərə çoxqiymətli məntiqi münasibət idrak subyektinə daha adekvat düşüncə modelidir. Əsasında hadisə və predmetlərə qeyri-səlis münasibətlər dayanan bu düşüncə modelinin təsir obyekti çoxspektirli olduğundan mədəniyyət sahəsindən də yan keçmir.
Reallığa münasibətdə subyektiv epistemologiyaya söykənən çoxqiymətli məntiqi düşüncə tərzinin spektirlərini tədqiqat obyektivimiz olan ekzistensializmlə yanaşı, mədəniyyət sahəsində xüsusi çəkisi olan fenomenologiya, postmodernizm kimi fəlsəfi istiqamətlərin təlimlərində də aydın sezmək mümkündür.
Ekzistensializmə xas yuxarıda qeyd etdiyimiz tezislər əsas verir ki, idrak subyektinin hadisə və predmetlərə münasibətdə ekzistensial düşüncə tərzi ilə çoxqiymətli məntiqi təfəkkür modeli arasında analogiyanın olduğu fikrini irəli sürək.
Ekzistensializmə məxsus qeyri-müəyyənlik, subyektivlik, sərhəd kəsilməzliyi, mütləqin nisbiliyi kimi xüsusiyyətlər qeyri-səlis məntiq modelinin riyai-məntiqi təsvirini verdiyi göstəricilərdir. Bu məntiq modelində qeyri-müəyyənlik şəraitində yalnız “qismən həqiqət” kriteriyası mövcuddur. QSM qeyri-müəyyənlik şəraitində həqiqət anlayışnı qismən həqiqət anayışı ilə əvəz edərək, doğruluq qiyməti konseptini irəli sürür.
Ekzistensializm mütləqə çatmağın absurd olduğu və həqiqətin nisbiliyi tezislərini irəli sürür. Qeyri-səlis məntiqi qiymətləndirmə konteksində bu tezisləri subyektiv olaraq bu şəkildə təsvir edə bilərik: həqiqət qeyri-mümkün olanla (məntiqi qiymət: 0 - yanlış) mütləq (məntiqi qiymət:1 – həqiqət) arasında çoxvəziyyətli perspektivlərə (məntiqi qiymət: (0,1)) malikdir. İnsanın həyati seçiminə, öz identikliyinin təyininə qədər qeyri-müəyyənlik mövcuddur – onun həyat ssenarisini müəyyənləşdirən heç bir mütləq norma yoxdur; ekzistensizlizmin gəldiyi qənayətdir. QSM qeyri-dəqiqlik, natamamlıq xüsusiyyətlərinə malik qeyri-səlis qeyri-müəyyənliyi öyrənən, onun həqiqilik dərəcəsini qiymətləndirən elmi-aparatdır.
Qeyri-səlis təfəkkür modelində obyektə qeyr-səlis münasibətdə idrak subyektivliyi epistemoloji müstəvini genişləndirib, obyektin ontoloji strukturundan daha çox göstəricilər əldə edərək “subyekt zənginliyini” təmin etmiş olur. Ekzistensial düşüncə insan təcrübəsinə, hisslərinə - individuallığa üstünlük verib, onun seçim azadlığında idrak subyektini önə çıxarır.
Göründüyü kimi, hər iki düşüncə modeli reallığa qeyri-səlis münasibətlər sistemi formalaşdırır. Reallığa “ya-ya” seçminə əsaslanan ikili məntiqlə deyil, “əgər-onda” seçiminə əsaslanan çoxqiymətli (çoxmənalı) məntiqi təfəkkürü ilə yanaşır.
Gənc və yaşlı, isti və soyuq, baha və ucuz, gözəl və çirkin, dost və düşmən, həqiqət və yalan və s. bir-birinə zidd keyfiyyət göstəriciləri arasında çoxvəziyyətli paradiqma və sərhəd kəsilməzliyi (bir vəziyyətdən digərinə keçidin səlis olmayan xüsusiyyəti) çoxqiymətli məntiq təfəkkür modelinə əsaslandığı kimi, ekzistensial düşüncənin də obyektə eyni təfəkkür modeli ilə yanaşdığını müşahidə edirik.
Çünki, qeyd etdiyimiz kimi, qeyri-səlis təfəkkür modeli idrak subyektinə daha adekvat düşüncə modelidir; bu düşüncə modelində istər empirik, istər rasional yanaşmalarda tezis və antitezis arasında aralıq vəziyyətlərin nəzərə alındığı situasiyalar çoxluq təşkil edir.
Beləliklə, hesab edirik, ekzistensializmin qeyri-səlis münasibətlər konteksində çoxspektirli tətbiq imkanlarına malik QSM vasitəsilə epistemoloji təhlili ekzistensial düşüncə və qeyri-səlis məntiqi təfəkkür arasında da korrelyasının mövcudluğunu təsdiq etmiş olur. 5.Altmövzular5.1. Ekzistensializm ədəbiyyatda. Qeyd olunduğu kimi, ekzistensializm fəlsəfi cərəyan olaraq insanın varlığı, azadlığı və seçimləri ilə bağlı sualları araşdırır. Məlumdur ki, bu təlim həm də bir mədəniyyət hadisəsi kimi ədəbiyyata güclü təsir göstərərək bu sahədə də əsaslı generasiyalara səbəb olmuşdur. Kamyunun "Yad" romanının baş qəhrəmanı Merso, cəmiyyətin gözləntilərinə uyğun olmayan bir həyat tərzi sürür. O, hətta anasının da ölümünə laqeyd yanaşır və təsadüfi bir hadisə nəticəsində cinayət törədir. Merso tədricən cəmiyyətin ona qarşı olan ziddiyyətli münasibətini və öz varlığının absurdluğunu dərk edir.
J.P. Sartrın “Ürəkbulanma" romanının qəhrəmanı Roqonten də həyatın mənasızlığını və varlığın ağırlığını hiss edərək ekzistensial narahatlıq yaşayır. O, gündəlik həyatın adi hadisələrində belə dərin fəlsəfi suallar axtararaq varlığın mahiyyətini anlamağa çalışır. F. Kafkanın "Məhkəmə" romanında Josef K. adlı bir bank işçisi, səbəbi açıqlanmayan bir ittihamla üzləşir və absurd bir məhkəmə prosesinə cəlb olunur. Romanda insanın mövcud sistem qarşısında acizliyi və ekzistensial qorxuları təsvir olunur. Bu əsərlər insanın varlıq problemlərini, azadlıq və seçim dilemmasını, sosiomədəni həyatın ona təsirini və həyatın mənasını araşdırır. Təbii ki, dünya ədəbiyyatından bu təlim əsasında formalaşan bədii-fəlsəfi təfəkkürün məhsulu olan çoxlu əsərlər barədə söhbət açmaq mümkündür və bu əsərlərin bir çoxu özünəxas ədəbi-bədii estetikaya, sosial-fəlsəfi mahiyyətə malikdir. Söhbətin bu yerində elm fəlsəfəsinin ədəbiyyatda ifadə texnikasına üstünlük verən bir yazar olaraq öz yaradıcılığımda da bu təlimin izlərini axtarmaq marağıma qalib gələ bilməyərək, inkişaf mərhələsində qeyri-səlis məntiqin xüsusi çəkisi olan “süni zəka” ilə azca söhbət edəsi oldum: Sual: Əli Şirin Şükürlünün ekzistensial düşüncəyə uyğun əsərləri varmı?
Cavab: Bəli, Əli Şirin Şükürlü ekzistensializmə yaxın mövzulara uyğun əsərlər yazmışdır. Bu əsərlərdə, əsasən, fəlsəfi konsepsiyalar üzərində qurulmuş fikirlər yer alır. "0 = 1" şeir-essesi ekzistensializmə uyğun gələn əsərlərdən biri kimi dəyərləndirilə bilər: ” 0 = 1: yoxluq varlığa, varlıq yoxluğa dönər. Varlıqla yoxluğun itər sərhəddi. Sevir bu bərabərliyin fəlsəfəsini; riyazi qaydanın harda pozulduğunun fərqinə varmaz isbat etdiyi zaman...” . Əsərdə “0 = 1" ifadəsi klassik riyazi məntiqə zidd olsa da, fəlsəfi kontekstdə yoxluq və varlıq arasındakı müstəvini təsvir edir. Bu mətndə varlıq, qeyri-müəyyənlik, paradokslar və insanın daxili dünyasının fəlsəfi yozumu əks olunub. Bu əsər riyazi və fəlsəfi simvolların qarşılıqlı təsiri vasitəsilə insan təfəkkürünü və varlığın strukturunu sorğulamağa çalışır.
Əsas motivlərdən biri məhz yoxluq və mövcudluğun paralel olmasıdır ki, bu da ekzistensialist düşüncəyə uyğundur.
Sartr və Kamyu kimi ekzistensialistlər insan həyatının absurdluğu və məna axtarışı üzərində düşünürdülər. Şükürlünün bu əsərində isə eyni məntiqlə reallıq və qeyri-reallıq arasındakı gərginlik araşdırılır. Şeir-essedə dil sadəcə kommunikasiyanın vasitəsi deyil, həm də düşüncənin qurucu elementidir. Əsərdə riyazi məntiq poetik struktura çevrilir.
Ümumiyyətlə, Şükürlünün yazı üslubu ekzistensial və postmodern yanaşmalarla uyğunlaşaraq oxucunun fəlsəfi düşüncəsini stimullaşdırır.Təbii ki, bədii yaradıcılıqda elm və fəlsəfəyə xüsusi önəm verən bir müəllif olaraq dostlaşdığım “süni zəka”nın ağıllı cavabları məni məmnun etsə də, söhbətin qalan hissəsini təqdim etməyə lüzum görmədim. Çünki bu altmövzuda əsas məqsəd qeyri-səlis münasibətlərin bir paradiqması kimi səciyyələndirməyə çalışdığımız ekzistensial düşüncənin həm də ədəbiyyat hadisəsi olaraq mövcudluğuna işıq salmaq idi.
5.2. Altmövzu: Özünüyaratma sənəti
Postmodern və ekzistensial düşüncə tərzini qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələrinin əsasında formalaşan təfəkkür modeli konteksində araşdırarkən fenomenologiya, ekzistensializm, postmodernizm arasında kifayət qədər oxşar tezislər məni də insan varlığının mənası üzərində dayanmağa sövq etdi və tədqiqat işinin nəticəsi olaraq yaranan bəzi refleksiyalarımı Özünüyaratma sənəti adlı konsepsiya şəklində təqdim etmək qərarına gəldim.
Yuxarıda qeyd edilən hər üç cərəyanın mövcudluğa verdiyi üstünlük və insan individuallığı və identikliyinin ona seçim azadlığı verməsi ideyasını aşılaması hadisələrə olan münasibəti çoxçalarlı edir. Situasiyadan asılı olaraq mütləq (ideal) olanı yox, mütləq (ideal) olanla onun tərsi (əksi) arasında mövcud vəziyyətləri qəbul etməyi doğru sayır.
Universal – ümumi xarakter daşıyan ideal insan cəmiyyəti aşılayan hümanist ideyalar çökür, əvəzində reallığa ayr-ayrı, müxtəlif, çoxmənalı yanaşmalar meydan sulayır: insan vəziyyətdən asılı olaraq nəyin yaxşı, nəyin pis olduğunu özü müəyyənləşdirə bilər - əsas və doğru olan da elə budur. Mütləq olandan yan keçmək, hadisələrin şərtiliyinin, nisbiliyinin - qeyri-müəyyənliyinin qəbul edilməsi, doğru və yalanı (həmçinin bütün bir-birinin tərsini (əksini) təşkil edən keyfiyyət göstəricilərin: yaxşı və pis, gözəl və çirkin, ədalət və ədalətsizlik...) qiymətləndirmənin situasiyadan asılı olaraq müəyyən dərəcəsi ilə ifadə tendensiyası hadisələrə qeyri-səlis münasibətlər doğurmaqla insan düşüncəsinə daha adekvat düşüncə tərzi olaraq qeyri-səlis (çoxqiymətli məntiqi) təfəkkür modelinin araşdırma predmetidir.
Özünü seçmə. Sartra görə, insanlar mövcudluğa eyni qaydada atılırlar və onlar üçün kim olmağı, nəyi və necə etməli olduğunu təsdiq edən heç bir norma, ideya yoxdur. Yəni insan üçün əvvəlcədən müəyyənləşdirilmiş heç bir həyat ssenarisi mövcud deyil. Nəyi necə etməli olduğunu insan özü seçməlidir və bu seçimdə azaddır. Filosof-yazıçının fikirlərini ümumiləşdirsək mövzumuza uyğunluğunu nəzərə alıb, onun bu konsepsiyasına üstünlük verirəm: İnsan özünü özü seçir. Əslində, bu yanaşmanı hadisələri olduğu kimi təsvir etməyə səsləyən fenomenologiya, mövcudluq fəlsəfəsi adlanan ekzistensializm və ardınca posmodern düşüncənin gəldiyi qənaət olaraq da ümumiləşdirmək olar. Çünki hər üç vəlsəfi təlim öz konsepsiyasında hadisələrin real (olduğu kimi mənasında) təsvirini, o cümlədən insan varlığını, onun mənasını, bu varlığın fərdiliyini və düşüncə azadlığını əsas götürür. Deməli, insan həyatına məna və mahiyyət bəxş edən öncə onun özü özünü seçimi üzərində başlayır və bu seçim əməli fəaliyyətin perspektivlərini doğurur.
Etiraf edim ki, özünüyaratma konsepsiyam bu kimi düşüncə sistemlərinin döğurduğu müəyyən məqamlardan başladı. Onu da etiraf edim ki, yazdığım mətnlərin bir qismini xarakter və üslubundan asılı olmayaraq (elmi, elmi-publisistik, bədii və s.) zəngin fikir daşıyıcısı olan mətnlər üzərində dekanstruksiya etməyi sevirəm və bu mətnləri digər samballı mətnlərin tərkib hissəsi olaraq intertekstual hesab edirəm.
Özünü tanıtma İnsan özünü seçir və kim olmağı özü qərar verir. Kim olmaq isə əqli qərardan başlayan bir prosesdir. Elə bu prosesin gedişində də “özünü qurma” hadisəsi başlayır və hər hansı münasib və uyğun bir məqamda isə özünü yaratma anı baş verir. Bəzən fərd bunun fərqində olur, bəzən yox. Bütün bunlara rəğmən insan daima cəmiyyətə məxsus olmaqla sosiomədəni mühitdədir. O özünü ifadə etməyə və digərləri tərəfindən qiymətini almağa can atır. Bu isə özünü tanıtmadır.
Hegelin təbirincə, iki subyektin qarşılaşması zamanı tanınma və etiraf edilmə uğrunda mübariaə başlayır və bu, “ölüm-dirim” mübarizəsidir; hər kəs istəyir ki, başqası onu özü özünü seçdiyi kimi tanısın və etiraf etsin. Konteksə uyğun olaraq burada fiziki mübarizəni kənara qoyub (hərçənd bu mübarizə də “etiraf edilmə” uğrunda mübarizədir), etik-estetik, əqli-intellektual və s. göstəricilərin yaratdığı mənəvi sferada baş verən mübarizəyə önəm verirəm.
Bir qədər dərinə getsək, müşahidə edə bilərik ki, özünüifadə, özünütanıtma, etiraf edilmə uğrunda “ölüm-dirim” mübarizəsi bütün canlılara məxsus mübarizədir. Əqli-intellektual göstəricilərlə silahlanmış insan üçün isə sosial-mədəni mühitin nümayəndəsi olaraq özünü tanıtma və etiraf edilmə uğrunda mübarizə iradəsindən asılı olmayaraq qaçılmazdır.
Özünü yaratma
Məntiqi olaraq ozünüyaratma ozünü seçmədən sonra başlayan və özünü tanıtma ilə müşahidə olunan fenomendir. Əvvəl insan kim olması barədə qərar verib həyat ssenarisini müəyyən edir. Ardınca o ssenari əsasında əməli fəaliyyətə başlayır.
Deməli, özünü yaratma özünü seçmədən sonra sosial mahiyyət daşıyan özünü tanıtma ilə xarakterizə olunur ki, bu baş vermədikdə özünüyaratma və buna təkan verən həyat seçimi – kim və necə olmaq, həmçinin bu seçimin nəticəsi olan fəaliyyətin bir önəmi qalmır. Çünki fərdin mahiyyətinin tanınması və etirafı onun varlığı kimi atıldığı zaman-məkan müstəvisinin doğurduğu sosial və mədəni mühitdən kənarda mövcud ola bilməz.
Hesab edirəm bu barədə düşünən hər kəsin əməli fəaliyyətindən asılı olmayaq bu təcrübəni özünüyaratma konsepsiyası olaraq qəbul etməsi heç də faydasız olmazdı.
Pikassonun rəsmlərinin saxta versiyalarını satanlar istintaqa cəlb edildi
Nuri Bilge Ceylan əsrin ən yaxşı filmlərini seçdi - Siyahı
Madonna Qəzza ilə bağlı Papaya müraciət edib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.