Azərbaycan-Fransa əlaqələrinin böhran dövründə diplomat Laqutdan gözləntilər var - rəy
Xəbər verildiyi kimi, diplomat Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri vəzifəsinə gətirilib. Modern.az xəbər verir ki, yeni diplomatın son iş yeri Fransanın Xarici İşlər Nazirliyi (XİN) olub. Laqut Paris Siyasi Araşdırmalar Elmləri İnstitutunda İctimaiyyətlə Əlaqələr üzrə Magistr dərəcəsinə yiyələnib və 2008-ci ildə Fransa Xarici İşlər Nazirliyinə daxil olub. Parisdə Avropa İttifaqı Direktorluğunda məsul işçi kimi fəaliyyətə başlayıb.
2011-ci ildə o, Fransanın Avropa Birliyi yanında Brüsseldəki Daimi Nümayəndəliyinə qoşulub, burada iqlim və ətraf mühit, daha sonra daxili bazar üzrə danışıqlar aparan şəxs və məsul komandanın koordinatoru təyin edilib. 2015-2017-ci illərdə Fransanın İsraildəki səfirliyində mətbuat departamentinin rəhbəri vəzifəsində çalışıb. O, 2017-2019-cu illərdə Avropa İşləri Naziri kabineti rəhbərinin müavini və Xarici İşlər Nazirinin Avropa məsələləri üzrə siyasi müşaviri vəzifələrində çalışıb. Diplomat 4 il Fransanın Monrealda baş konsulu olub. Daha sonra isə Xarici İşlər Baş Müfəttişliyində vəzifə icra edib.
Qeyd edək ki, Fransanın Azərbaycanda bundan əvvəlki səfiri Ann Buayon olub. Ann Buayon 2023-cü il yanvarın 26-da etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmişdi.
Fransa səfirinin Şuşaya getməsi separatçıların həşir qoparmasına səbəb olmuşdu. Hətta ləğv edilmiş qondarma “artsax”ın Fransadakı “daimi nümayəndəsi” Hovannis Gevorgyan prezident Emmanuel Makrona qəzəbli məktub göndərmişdi. Fransanın Azərbaycandakı səfiri Ann Buayon iyun ayında Qarabağda olub. Fransa səfiri yeganə diplomat idi ki, azad olunmuş ərazilərə səfər etmirdi. Səfirin “səlahiyyət müddətinin başa çatması səbəbi ilə” geri çağırılması Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi ilə eyni vaxta təsadüf edib.
İndi isə yeni səfir təyin olunub. Belə gözləntilər var ki, xanım Laqut ikitərəfli münasibətlərin normallaşmasında rol oynaya bilər. Çünki Bakı ilə Paris arasında uzunmüddətli bir böhran yaşanıb. Bu da Makron Fransasının ermənipərəst siyasətindən irəli gəlir. Lakin Avropa Siyasi Birliyinin Tirana sammitində Makronun Prezident İlham Əliyevə yaxınlaşması, onunla səmimi görüşməsi, ardınca Vaşinqtonda razılaşdırılan sülh anlaşması Fransa hakimiyyətinin baxışına müəyyən təsirlər göstərməmiş deyil.
Onu da demək yerinə düşər ki, Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda sərgilədiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurub. Azərbaycanın bu prosesdə prinsipial və ədalətli mövqe tutması, müstəmləkəçilikdən uzaq olmayan Fransa rəhbərliyini qıcıqlandıran əsas faktorlardan biridir.
Bəs indi necə, yeni səfir aramızı düzəldə biləcəkmi?

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, əvvəlki səfir son anda Şuşaya getdi və bununla da əlaqələri yumşaltmaq istədi: “Amma istisna deyil ki, onun geri çağırılmasında bu ziyarət rol oynadı. Deyilənə görə, səfirin öz təşəbbüsü olub. Bu da Yelisey sarayını, yaxud Fransadakı erməni diasporasını qəzəbləndirmiş ola bilər. Amma doğrusu, son zamanlar Bakı-Paris gərginliyi səngiyib. Vaşinqton anlaşması da Makronun fikirlərinə təsir etməmiş olmaz. O nöqteyi-nəzərdən yeni səfirin əlaqələrdə müsbət körpü rolu oynaması perspektivi var. Nəzərə alaq ki, səfir üçün aqreman verilir, sonra təyinat reallaşır”.
Q.Hüseynli Azərbaycanın Fransa ilə hər hansı problemi olmadığını qeyd edib: “Münasibətləri korlayan qarşı tərəf olub. Makron Azərbaycanı Ermənistan ərazilərini işğal etməkdə günahlandırıb, parlamenti əleyhimizə qətnamələr çıxarıb, açıq surətdə düşmənçilik xətti tutub, erməniləri müdafiə etməklə balansı pozub. Amma Vaşinqton razılaşması fonunda Minsk Qrupunun ləğvinə Fransanın "hə" deməsi, qısa müddətdə yeni səfir təyinatı göstərir ki, Makron administrasiyası əlaqələri yumşaltmaq istəyində ola bilər. Fransa kinli siyasətindən imtina etməlidir. Paris də Tehran kimi qəbul etməlidir ki, müttəfiqi olan Ermənistan üçün ən yaxşı yol bugünkü anlaşmalara riayət etməkdir. Ona görə də İrəvan üzərindən bölgədə ara qarışdırmaq elə ilk növbədə Ermənistana fəsad yaradır. Bu səbəbdən, ümid edək ki, yeni səfir əlaqələrin inkişafına töhfə verəcək".