EN

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Ukrayna ilə bağlı aparılan sülh danışıqlarını müzakirə ediblər

Ankara, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb.

AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, Rusiya lideri ilə söhbət zamanı Alyaskada keçirilən yüksəksəviyyəli Rusiya-Amerika danışıqlarının yekunları, eləcə də ticarət münasibətləri də daxil olmaqla, ikitərəfli gündəlikdə duran məsələlər müzakirə edilib.

Türkiyə lideri Rusiya Prezidentinə Ankaranın Ukraynada sülh prosesinin irəliləyişinə yönəlmiş səyləri diqqətlə izlədiyini bildirib və ölkəsinin müharibənin ilk günlərindən Kiyevlə Moskva arasında sülhün əldə olunmasının zəruriliyi ilə bağlı mövqeyində səmimi olduğunu vurğulayıb.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan Ankaranın bütün maraqlı tərəflərin iştirakı ilə sülhün təmin edilməsinə dair səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Rusiya Prezidenti öz növbəsində İstanbul prosesinə diqqət çəkərək, Rəcəb Tayyib Ərdoğana göstərdiyi səylərə və sülh danışıqları üçün platforma təqdim etdiyinə görə minnətdarlığını bildirib.

Türkiyə və Rusiya liderləri iki ölkə arasında dialoq kanallarını açıq saxlamaq barədə razılığa gəliblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
16
6
azertag.az

7Sources