EN

Kaliforniya şirkəti inək peyinindən təyyarə yanacağı istehsalına başlayır

Bakı, 20 avqust, AZƏRTAC

“Circularity Fuels” şirkəti ekoloji cəhətdən təmiz aviasiya yanacağının (SAF) istehsalı üçün onun bioqazdan-sintezqaza çevrilməsi texnologiyasının uğurlu sınaqdan keçdiyini elan edib.

AZƏRTAC “Interestingeng Iineering”ə istinadla xəbər verir ki, sınaq Kaliforniyanın Mərkəzi Vadisindəki südçülük fermasında Ouro reaktoru adlı yığcam elektrik qurğusundan istifadə edilməklə aparılıb.

İnnovativ sistem bilavasitə durulducu çənlərdə peyinin parçalanması zamanı yaranan bioqazla işləyir və onu reaktiv yanacaq istehsalı üçün əsas komponent olan sinqaza çevirir. Alınan sintezqaz daha sonra Fişer-Tropşun sənaye sintez üsulu ilə aviasiya yanacağına çevrilir.

Texnologiyanın əsas üstünlüyü ənənəvi sistemlərlə müqayisədə kapital xərclərinin 100 dəfə azalmasıdır ki, bu da yanacaq istehsalını fermalarda əlçatan edir. Reaktor standart elektrik şəbəkəsinə qoşulur və bahalı ilkin təmizlənmə olmadan xam bioqazı emal edə bilir, hətta qatışıqlar mövcud olduğunda da sabit işi təmin edir.

Şirkətin məlumatına görə, ABŞ-da 20 mindən çox iri heyvandarlıq fermasında hər il təxminən bir trilyon funt peyin istehsal olunur, lakin onların yalnız 6 faizi bu tullantılardan olan bioqazdan istifadə edir. Texnologiya fermerlərə mövcud logistika şəbəkələri vasitəsilə hazır məhsulu daşımaq imkanı ilə boru kəmərlərinə qoşulmaq zərurəti olmadan yanacaq istehsal etməyə imkan verir.

“Circularity Fuels” öz texnologiyasını 2025-ci ilin sentyabrında Londonda keçiriləcək SAF Qlobal Sammitində təqdim etməyi, ilin sonuna qədər isə Kaliforniya fermasında bioqazdan reaktiv yanacağına çevrilmə prosesini tam nümayiş etdirməyi planlaşdırır.

Şirkətin hesablamalarına görə, texnologiyanın ABŞ-dakı bütün uyğun obyektlərdə, o cümlədən fermalar, poliqonlar və təmizləyici qurğularda tətbiq edilməsi gündəlik 42 milyon gallon yanacaq istehsal etməyə imkan verəcək ki, bu da ölkənin təyyarə yanacağına olan tələbatının 70 faizini ödəyəcək.

Chosen
6
4
azertag.az

5Sources