Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Astana, 21 avqust, AZƏRTAC
Qazaxıstanda xarici mesajlaşma proqramlarından (“WhatsApp”, “Telegram” və s.) istifadəyə qadağa qoyulması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
AZƏRTAC Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinə istinadla xəbər verir ki, xarici xidmətlərdən şəxsi istifadəyə heç bir qadağa tətbiq edilmir.
“Aitu”nun tətbiqi təşəbbüsü yalnız mərkəzi və yerli hökumət orqanlarında, eləcə də kvazi-dövlət sektoru təşkilatlarında rəsmi kommunikasiyalara aiddir. O, dövlət qulluqçuları tərəfindən yalnız rəsmi istifadə üçün nəzərdə tutulmuş məlumatın təhlükəsiz şəkildə mübadiləsi üçün lazımdır. Məqsəd informasiya təhlükəsizliyi səviyyəsinin artırılması və təhlükəsiz rəqəmsal mühitə keçiddir”, - deyə məlumatda deyilir.
Qeyd olunur ki, “Aitu” rəsmi yazışmalar, iş çatları, operativ bildirişlər və hökumətin rəqəmsal platformaları ilə qarşılıqlı əlaqə üçün əsas alətə çevriləcək.
“Onun üstünlüyü ondan ibarətdir ki, bütün serverlər Qazaxıstan ərazisində yerləşir, bu isə məlumatların qorunması tələblərinə cavab verir və sistemi dövlət qurumları üçün daha etibarlı edir. “Aitu” vətəndaşların şəxsi həyatında xarici messencerləri əvəz etmir və onlara sadəcə olaraq dövlət sektorunda iş prosesləri üçün təhlükəsiz kanal təmin edir”, - deyə məlumatda deyilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.