EN

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxıb

Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illik yubileyi münasibətilə "Qala adam" kitabı işıq üzü görüb.

APA xəbər verir ki, Əməkdar jurnalist Yusif Rzayevin redaktoru olduğu kitabda, əsasən, Rəşad Məcidin bədii-publisistik yaradıcılığının son beş illik mənzərəsi əhatə olunub.

"Qala adam"da 2019-2024-cü illərdə müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə yanaşı, tanınmış elm xadimlərinin, qələm adamlarının onun müxtəlif səpkili mətnləri barədə düşüncələri, ciddi elmi-bədii yanaşmaları öz əksini tapıb.

"Qala adam" kitabının tərtibatçısı, yazıçı-publisist Nadir Yalçın "Adam necə qalaya çevrilir?" adlı "Ön söz"də kitabın ərsəyə gəlməsi və nəşrdə toplanan mətnlər barədə ümumi fikirlərini bölüşüb.

Kitabın ilk bölümündə "Qələmsiz yazılanlar" yer alıb. İkinci bölümdə isə "Qələmsiz yazılanlar"dan yazılanlar" başlığı altında Rəşad Məcidin status-esseləri barədə təəssüratlar cəmlənib. Akademik İsa Həbibbəyli, professor Asif Hacılı, şair, tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Qismət Rüstəmov, türkiyəli yazıçı-şair, tərcüməçi İmdat Avşar və türkiyəli ədəbiyyatşünas Bəxtiyar Aslan bu status-esselərin kitab halında çap olunması təşəbbüsünün publisistik fikir tarixindəki yeri və rolu barədə fikirlərini bölüşüblər.

Digər iki bölmə Rəşad Məcidin Şuşaya səfəri ilə bağlıdır. "Şuşa gör nələr eylər" bölümündə eyniadlı təəssürat yazısı öz əksini tapıb. "Şuşa dəftəri" adlanan digər bölmədə isə müəllifin Şuşanın bəxş etdiyi müxtəlif ovqatları özündə əks etdirən silsilə şeirləri yer alıb.

"Oğul Rəşad Məcid, nəvə Rəşad Məcid" bölməsində Rəşad Məcidi onu öz ailəsinin - nənəsinin, xalasının və anasının gözü ilə bir oğul, nəvə kimi qismən tanımaq mümkün olur. Bu söhbətləri şair, publisist Şahanə Müşfiq qələmə alıb.

Rəşad Məcidin publisistik mətnləri "Ürəkdən gələn yazılar" bölməsində cəmlənib.

"60 yaşa yazı hədiyyələri" bölməsi yubiley yazılarından ibarətdir. Akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, yazıçı, esseist Fəxri Uğurlu, şair Vaqif Bəhmənli, esseist Sevinc Mürvətqızının 60 illiyə həsr olunmuş yazılarında Rəşad Məcidin portret cizgiləri ilə tanış olmaq mümkündür.

"Rəşad Məcidin sözü haqqında" son beş ildə qələmə alınmış məqalə, esselər də "Qala adam"da yayımlanıb. Professor Cahangir Məmmədli, yazıçı-publisist Loğman Rəşidzadə, Əməkdar jurnalist Əflatun Amaşov, türkiyəli yazıçı İmdat Avşar, şair, publisist Şahanə Müşfiq, yazıçı-esseist Türkan Turan, şair Şəfa Vəlinin qələmə aldığı yazılarda Rəşad Məcidin bədii yaradıcılığındakı müxtəlif cəhətlər, onun şeirlərinin poetik məziyyətləri və bu istiqamətlərin onun publisistik yaradıcılığına təsirləri barədə fikirlər öz əksini tapıb.

"Qala adam"ın son bölməsi "60 ilin söhbəti"dir. "Bir il Ağdam-Bakı qatarında gecələmişəm" sərlövhəli müsahibədə işğaldan azad olunandan sonra Laçına və Ağdama ilk dəfə səfər edən Rəşad Məcid ötən illərin yada düşən xatirələrini və Zəfərdən sonrakı hisslərini dilə gətirib.

Chosen
24
4
apa.az

5Sources