EN

Dünyada ən məşhur hakim VƏFAT ETDİ

Ajans.az onun rəsmi sosial media hesabına istiandən xəbər verir ki, Kaprio uzun müddət mədəaltı vəzi xərçəngi ilə mübarizə apardıqdan sonra çərşənbə günü “dinc şəkildə vəfat edib”. Kaprio məhkəmə zalında insanlara münasibəti ilə seçilirdi. O, işləri yalnız qanunla deyil, həm də mərhəmət və anlayışla həll etməsi ilə tanınırdı. Hakimin biletləri ləğv etməsi, cərimələri azaltması və ya sadəcə şəfqətli yanaşması ona geniş auditoriya qazandırmışdı. Son illərdə onun məhkəmədə çəkilmiş videoları sosial şəbəkələrdə 1 milyarddan çox baxış toplayıb. Ən populyar kadrlar arasında Kaprionun uşaqları skamyaya çağıraraq valideynləri üçün qərar çıxartması və ya maddi çətinlik çəkən insanlara dəstək göstərməsi var. Hakim Kaprio 2023-cü ildə təqaüdə çıxana qədər təxminən 40 il Providence Bələdiyyə Məhkəməsində fəaliyyət göstərib. Onun sözlərinə görə, əsas məqsədi ədalətin hər kəs üçün əlçatan olması idi: “Hər kəs üçün azadlıq və ədalət ifadəsi gözəl səslənir, amma reallıqda belə deyil. ABŞ-da aztəminatlı insanların 90 faizi mülki məsələlərdə və hətta sadə yol qaydası pozuntularında belə təkbaşına mübarizə aparır.” Kaprio təvazökar ailədən çıxmışdı. O, Providence şəhərinin Federal Hill məhəlləsində böyüyüb və üç oğlandan ikincisi idi. Onun vəfatından sonra ailəsi Kaprionu “sadiq ər, ata, baba, ulu baba və dost” kimi təsvir edərək qeyd edib: “Şəfqətinə, təvazökarlığına və insanlara inamına görə sevilən hakim Kaprio milyonlarla insanın həyatına toxundu. Onun istiqanlılığı və yumoru hamının yaddaşında qalacaq.” Rod-Aylend qubernatoru Den MakKi də açıqlamasında Kaprionun həyatını yüksək qiymətləndirib: “Hakim Kaprio sadəcə hüquqşünas deyildi – o, skamyada empatiyanın simvolu idi. O, bizə ədalətin bəşəriyyətlə birləşəndə nəyə çevrilə biləcəyini göstərdi.” Kaprionun yaxın dostu, restoran sahibi Robert Leonard isə deyib: “Onun üçün edə bilməyəcəyi heç nə yox idi. Çox darıxacağıq.” Frank Kaprio, sadəcə bir hakim deyil, həm də insanlara mərhəmətlə yanaşmağın mümkünlüyünü göstərən bir sima kimi yadda qalacaq.

 

Chosen
26
Ajans.az

1Sources