Müğənni Rəqsanə İsmayılovanın qəfil həbsi gündəmin əsas mövzularından birinə çevrilib. Cəmiyyətin bir qismi sənət adamının hansısa cinayətlə bağlılığını qəbul etməsə də, bundan əvvəl də müxtəlif incəsənət nümayəndələrinin məhkum edildiyi faktları var.
Mia.az xəbər verir ki, “Qafqazinfo” mövzunun aktuallığını nəzərə alaraq zaman-zaman yolu məhkəmə və həbsxanalara düşən tanınmış sənətçiləri yada salıb:
Fədayə Laçın
Bu günə qədər həbsi ilə böyük rezonans yaradan sənətçilərən biri Fədayə Laçın olub. Fədayənin “Qoca” ləqəbli Etibar Məmmədovun həbsdən qaçmasına kömək edərkən tutulması həmin dövrdə böyük müzakirələrə yol açmışdı. Müğənni bu cinayətinə görə ömrünün 2 ilini dəmir barmaqlıqlar arasında keçirdi.
Rəşad Dağlı
Qonşusunu qətlə yetirən meyxanaçı Rəşad Dağlının cinayəti də sensasiya yaratdı. Dağlı bu əməlinə görə 9 il 6 ay həbslə cəzalandırıldı. Artıq 3 ildir həbsdə olan meyxanaçı hazırda cəzaçəkmə müəssisəsində qalan illərinin keçməsini gözləyir.
Cavid Sumqayıtlı, Mahir Ay Brat
Elşad Xose
Aqil M.Quliyev
Tanınmış rejissor bir vaxtlar məhkəmə qərarını icra etməməkdə təqsirli bilinərək 1 il 6 ay həbsə məhkum olunub.
Rza Rzayev
“Draqon” kimi tanınan Rza Rzayev xuliqanlığa görə 2 il müddətinə azadlıqdan məhrum edilib. Gimnaziya direktoru olan Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilən aktyor bu yaxınlarda azadlığa buraxılıb.
Ağadadaş Ağayev
Hazırda məhkumluğu davam edən ən məşhur sənətçilərdən biri Xalq artisti Ağadadaş Ağayevdir. Baltanı cinayət alətinə çevirib xuliqanlıq edən müğənniyə bu yaxınlarda 2 illik şərti cəza verilib.
Samir Cavadzadə
Azərbaycanın “Eurovision-2008” təmsilçisi Samir Cavadzadə dostunu bıçaqladığı üçün cinayət məsuliyyətinə cəlb edilib. O, 48 saat saxlanıldıqdan sonra nəzarət şərti ilə sərbəst buraxılıb. İstintaqın sonunda cinayət işinə xitam verilib.
Vüsal Əliyev
Bir vaxtlar gənclərin ən çox sevdiyi müğənnilərdən biri olan Vüsal Əliyev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət axtarışda olan ifaçı Bakıya qayıdanda tutulmuşdu. İstintaq onun azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq uzunmüddətli həbslə cəzalandırmayıb.
Təranə Səmədova
Bir çox tanınmış müğənnilərə prodüserlik edən Təranə Səmədova da hazırda məhkumdur. Səmədovaya şantaja görə 6 il həbs cəzası verilib.
Dəniz Əsədova
Ən yaxın müddətdə həbs edilən müğənni isə Dəniz Əsədovadır. Qalmaqallı müğənni böhtana görə 8 ay “içəridə” qalacaq.
Azər Zahid
Daim incəsənət nümayəndələrinin içində olan, TikTokda yarışmalar təşkil edən aparıcı Azər Zahid də cinayət məsuliyyətinə cəlb edilənlər siyahısına daxildir. Çirkli pulları yuma, qumarxana təşkil etmə ittihamları ilə bir neçə ay həbsdə qalan aparıcı bu yaxında ev dustaqlığına buraxılıb.