Bakı, 21 avqust, AZƏRTAC
Bu gün görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin anadan olmasının 95-ci ildönümü tamam olur.
Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük” adlı biblioqrafik icmal və videomaterial virtual rejimdə istifadəçilərər təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda Bəkir Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik Nizami Cəfərovun “Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük” adlı məqaləsinin və professor, filologiya elmləri doktoru Salidə Şərifovanın “Filoloji düşüncəmizdə Bəkir Nəbiyev mövqeyi” adlı məqalələrin tam mətni yer alır.
Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən vəsaitdə akademikın müəllifi olduğu, “Ön söz” yazdığı və redaktə etdiyi, onun haqqında qələmə alınan 40-da çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir. İcmalda kitab və məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə yığılıb.
“Akademik Bəkir Nəbiyev 95” adlı videomaterialda görkəmli alimin həm klassik, həm də müasir ədəbiyyat haqqında müəllifi olduğu fundamental əsərləri, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığına verdiyi böyük töhfələr haqqında məlumat verilir, ədəbi prosesə, klassik ədəbi irsə, tənqidə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə dair 50-dən çox kitab, 900-dən çox məqalə və resenziyanın müəllifi olması bildirilir. Materialda Bəkir Nəbiyevin pedaqoji fəaliyyətinə də geniş yer verilir, onun doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olması, ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, Məhərrəm Qasımlı kimi yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinin yüksək olması diqqətə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Bəkir Nəbiyevnin müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və video görüntüləri də sərgilənir.
“Alim Bəkir Nəbiyev 90” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/akademik-bekir-nebiyev-95 yerləşdirilib.