Rusiyanın 83-cü Qvardiya Hava Desant Briqadasının hərbçiləri təzminat və müavinət əldə etmək üçün bir-birinə atəş açıb.
Referans xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, bu fırıldaq nəticəsində zərər 200 milyon rublu (təxminən 2,2 milyon dollar) ötüb.
İstintaqa görə, dələduzluqda briqadanın keçmiş komandiri Artyom Qorodilov və xüsusi təyinatlıların rəhbəri Konstantin Frolov (“Cəllad”) da daxil olmaqla 30-dan çox hərbçi iştirak edib.
Onlar 2024-cü ilin yayında həbs olunub, günahlarını etiraf edərək əsgər yoldaşlarına qarşı ifadə veriblər.
İstintaq məlumatlarına əsasən, hərbçilər ölümlə nəticələnməyəcək bölgələrə atəş açaraq yaralanmaları saxtalaşdırıb və hər bir “yaralanma” üçün 3 milyon rubl (təxminən 33 min dollar) alıblar. Saxta sənədlər vasitəsilə müavinətlərin təyin olunması və “Şücaət” ordeni ilə “İgidliyə görə” medallarının verilməsi təmin olunub. Frolov etiraf edib ki, onun dörd “döyüş yarası”nın hamısını əsgər yoldaşları vurub.
Qorodilov külli miqdarda dələduzluqda ittiham olunur. Frolov isə rüşvətxorluq, qanunsuz silah alveri və partlayıcı maddələrlə bağlı ittihamlarla üzləşib./Musavat.com