BAKI, 21 avqust. TELEQRAF
“Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası 1991-ci il Almatı Bəyannaməsi əsasında həyata keçiriləcək, iki ölkənin ərazilərini və sərhədlərini müəyyən edən bütün xəritələr mövcuddur”.
Teleqraf xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Həm Azərbaycanda, həm də bizdə var və yeri gəlmişkən, Kirants-Voskepar hissəsində demarkasiya da bu xəritələrdən istifadə edilərək aparılıb. Sonrakı demarkasiya da bu xəritələrdən istifadə olunmaqla aparılmalı və məsələ o kontekstdə həll olunmalıdır”, - baş nazir qeyd edib.
Paşinyan anklavlar məsələsinə toxunaraq bildirib:
“Sülhün məntiqi ondan ibarətdir ki, biz nəzarətimiz altında olan suveren Azərbaycan ərazilərinin olması reallığı ilə üzləşməliyik və bu məsələ sərhədlərin müəyyən edilməsi prosesi zamanı öz həllini tapmalıdır”.