EN

“Dünyanın ən mərhəmətli hakimi” Frenk Kaprio 88 yaşında vəfat edib

“Dünyanın ən mərhəmətli hakimi” kimi tanınan amerikalı hakim Frenk Kaprio mədəaltı vəzi xərçəngi ilə mübarizəsindən sonra 88 yaşında vəfat edib.

Ulusal.az xəbər verir ki, bu barədə onun “Instagram” hesabından avqustun 20-də edilən açıqlamada, hakimin “mədəaltı vəzi xərçəngi ilə uzun və cəsur mübarizədən” sonra vəfat etdiyi bildirilib. Paylaşımda deyilir: “Hakim F.Kaprio məhkəmə zalında və onun hüdudlarından kənarda gördüyü işlərlə milyonlarla insanın həyatına toxundu. Onun səmimiyyəti, yumoru və nəzakəti, onu tanıyan hər kəsin yaddaşında silinməz iz qoydu. Onun xatirəsi təkcə hörmət edilən bir hakim kimi deyil, eyni zamanda fədakar bir həyat yoldaşı, ata, baba, ulu baba və dost kimi də yaşayacaq.”

Qeyd edək ki, ölümündən bir gün əvvəl F.Kaprio “Instagram” hesabında paylaşım edərək izləyicilərindən dua etmələrini istəmişdi: “Təəssüf ki, bir geriləmə yaşadım və yenidən xəstəxanadayam. Bu çətin mübarizəni davam etdirərkən dualarınız mənim ruh yüksəkliyim olacaq. Məni dualarınızda xatırlamağınızı xahiş edirəm. Mən duaların gücünə ürəkdən inanan biriyəm.”

1936-cı ildə Rod-Aylend ştatında anadan olan F.Kaprio məhkəmədə və gündəlik həyatdaki mərhəmət və saysız-hesabsız yaxşılıq əməlləri ilə yadda qalıb.

Karyerası boyunca empatiya və anlayış nümayiş etdirən F.Kaprio maddi imkansızlıqlar üzündən cərimələri ödəyə bilməyən insanlara tez-tez güzəşt edir və bəzən bu cərimələri tamamilə silirdi.

Qeyd edək ki, mərhum hakim 40 il Providens məhkəməsində hakimlik edib. O, daha çox “Caught in Providence” adlı televiziya proqamı ilə tanınıb.

Frenk Kaprionun adı Providens məhkəmə binasına verilib.

Chosen
19
moderator.az

1Sources