EN

Nigeriyada məscidə hücum nəticəsində ölənlərin sayı 30-a çatıb

Nigeriyanın Katsina ştatında məscidə silahlı hücum nəticəsində ölənlərin sayı 30-a çatıb. Bu barədə Katsina əyalətinin Malumfaşi Seçki Dairəsini təmsil edən deputat Aminu İbrahim bildirib.

Onun sözlərinə görə, ötən gün Mantau rayonundakı məscidə silahlı dəstə üzvləri hücum ediblər.

İbrahim qeyd edib ki, ştatın müxtəlif yerlərində məscidlərə hücumlar həyata keçirilib: "Vəziyyət dözülməz həddə çatıb. Bu aramsız hücumlar səbəbindən insanlar artıq öz evlərində yaşaya bilmirlər".

İbrahim parlamenti və əyalət hökumətini bölgədə daimi bazalar yaratmaq və əhalini qorumaq üçün təhlükəsizlik qüvvələrini yerləşdirməyə çağırıb.

Nigeriya ölkənin müxtəlif bölgələrində, o cümlədən terror təşkilatı Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP kimi silahlı dəstələrin hücumları ilə üzləşib.

Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da,  bu növ fidyə cinayətləri tez-tez törədilir.

Silahlılar adətən ölkənin şimalında kəndlərə, məktəblərə və səyahətçilərə hücum edərək fidyə tələb edirlər.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

1Sources