EN

“Zəngəzur dəhlizi Azərbaycanın şah damarıdır” -

Son illərdə Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər fonunda Zəngəzur dəhlizi məsələsi həm regional, həm də qlobal güclərin diqqət mərkəzinə çevrilib. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan bu dəhliz yalnız Azərbaycan üçün deyil, həm də Türkiyə və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. İqtisadi və nəqliyyat baxımından yeni imkanlar açmaqla yanaşı, siyasi balansı da dəyişdirmək potensialına malikdir. Vaşinqtonda keçirilən son görüşlərdə də məhz bu məsələnin gündəmdə olması təsadüfi deyil. ABŞ-nin vasitəçilik təşəbbüsləri, Avropa İttifaqının maraqları, Rusiyanın və İranın narahatlıqları fonunda Türkiyənin açıq və prinsipial mövqeyi xüsusi diqqət çəkir. Ankara həm Azərbaycanla qardaşlıq münasibətləri, həm də Qərb strukturlarındakı rolu baxımından prosesin əsas oyunçularından biridir. Bu kontekstdə bir sıra mühüm məqamlara aydınlıq gətirmək üçün Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Metbuat.az-a müsahibə verib. - Hulusi bəy, Türkiyə dəfələrlə vurğulayıb ki, Zəngəzur dəhlizi bölgədə həm iqtisadi, həm də geosiyasi baxımdan yeni imkanlar yaradacaq. Sizcə, bu dəhlizin açılması hansı regional güclərin maraqlarına uyğun gəlir, hansılarının isə narahatlığını artırır? Türkiyənin bu mövzudakı qəti mövqeyi nədir? Zəngəzur dəhlizi həm Asiya ilə Avropa arasında, həm də Türkiyə ilə Türk dünyası arasında strateji körpü rolunu oynayır. Bu dəhliz Azərbaycanın şah damarı hesab olunur. Xatırladaq ki, 1920-ci illərdə Azərbaycanın tarixi ərazilərindən olan Zəngəzur bölgəsi SSRİ-nin qərarı ilə Ermənistana verilmişdir. Zəngəzur dəhlizi əslində Azərbaycan torpaqlarıdır. Bakı bu məsələni kəskinləşdirmədən, sadəcə, dəhliz vasitəsilə Naxçıvana birbaşa, vasitəsiz keçidin təmin olunmasını tələb edir. Bu, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın da əsas müddəalarından biridir. Həmin sənədin 9-cu maddəsində Zəngəzur vasitəsilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəhlizin açılması nəzərdə tutulur. Son Vaşinqton zirvəsində Ermənistan ilə ABŞ arasında imzalanmış anlaşmada da məhz bu məsələ gündəmə gətirilib. Anlaşmaya görə, Azərbaycan vətəndaşları Naxçıvana gedərkən Zəngəzurdan keçid zamanı polis və gömrük nəzarətinə məruz qalmadan sərbəst hərəkət edə biləcəklər. Təbii ki, bu məsələnin müzakirəsi regional güclərin diqqətindən kənarda qalmadı. Tarixi əhəmiyyət daşıyan Vaşinqton görüşü beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqaza yönəltdi. İndi ABŞ-nin bölgəyə daha aktiv şəkildə daxil olacağı proqnozlaşdırılır. Hətta dəhlizin idarəçiliyinin bir Amerika şirkətinə həvalə ediləcəyi ilə bağlı fikirlər də səsləndirilir. Qeyd edək ki, hələ 1999-cu ildə də bu istiqamətdə müzakirələr olmuşdu. Belə bir perspektiv isə xüsusilə İran və Rusiya Federasiyasında ciddi narahatlıq doğurur. Avropadakı bəzi dairələr də bu prosesə ehtiyatla yanaşır. Türkiyənin mövqeyi isə Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Ankara üçün Zəngəzur dəhlizi ilk növbədə Azərbaycan vasitəsilə Türk dünyasına quru yolu ilə çıxış imkanı deməkdir. Buna görə də Türkiyə Vaşinqton danışıqlarını yaxından izləyib. Prezident Rəcəb Tayyib Ərdoğan zirvədən dərhal sonra Prezident İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq məsələnin detalları barədə məlumat alıb. Azərbaycanın qəbul etdiyi hər bir qərarda Türkiyə də eyni mövqedən çıxış edir. - Son Vaşinqton görüşməsində Azərbaycan–Ermənistan münasibətləri və sülh prosesi müzakirə olundu. Sizcə, ABŞ-nin vasitəçilik təşəbbüsləri nə dərəcədə konkret nəticə verə bilər? Türkiyə bu prosesi necə izləyir və dəstəyini hansı formalarda ortaya qoyur? Zəngəzur dəhlizinin açılması ilə bölgədə kommunikasiya və logistika imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. Bu proses Avropa və Asiyanın maraqlarına cavab verir və iqtisadi canlanmanı təmin edəcək. Logistika keçidlərinin artması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Naxçıvanla əsas Azərbaycan arasında yükdaşımaları həm vaxt, həm də maliyyət baxımından daha rahat və sərfəli olacaq. İkinci Qarabağ zəfərindən sonra Azərbaycan hər zaman Ermənistanla sülh sazişi imzalamağı hədəfləyib və bu prosesi özü idarə edib. Beş əsas prinsipin təşəbbüskarı da məhz Azərbaycan olub. Vaşinqtonda paraflanan sülh anlaşması bölgədə müəyyən rahatlama yaradıb. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın qarşısında “ev tapşırıqları” dayanır. Bunlara konstitusiyadakı Qarabağla bağlı istinad maddəsinin aradan qaldırılması daxildir. Digər tərəfdən, prosesdəki maneələrdən biri ATƏT-in Minsk qrupunun fəaliyyəti idi ki, artıq bu istiqamətdə də iki ölkə arasında ortaq imza atılıb. - Türkiyə həm qardaş Azərbaycanla, həm də Qərb strukturları ilə əməkdaşlıq fonunda bölgədəki rolunu necə müəyyənləşdirir? Gələcəkdə Ankara bu proseslərdə bir "zəmanətçi güc" kimi çıxış edə bilərmi? Türkiyə həm Qərbin, həm də Şərqin bir parçasıdır. Avropadakı ittifaqlar – NATO, ATƏT və digər təşkilatlarda iştirak etməklə yanaşı, Yaxın Şərq və Şərq regionu ilə də yaxından maraqlanır. Türkiyə hazırda regional və qlobal güc statusunu gücləndirməkdədir. Qarşıdakı dövrdə bölgədəki prosesləri yaxından izləyəcək və zərurət yaranarsa, tərəflərin razılığı ilə zəmanətçi güc kimi rol oynamağa da hazırdır. Türkiyə Azərbaycanla bağlı heç bir məsuliyyətdən yayınmır və onun əsas hədəfi bölgədə sülhün təmin olunması, xalqların dinc şəraitdə, mehriban qonşuluq münasibətləri əsasında yaşamasıdır. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Türkiyə də Ermənistanla münasibətlərin normallaşdırılmasına gedəcək. 1993-cü ildən bağlı olan sərhədin açılması və diplomatik əlaqələrin bərpası gündəmdədir. Bu prosesdə Türkiyə və Azərbaycan birgə hərəkət edir. Azərbaycanın razı olmadığı heç bir məsələdə Türkiyə iştirak etmir və sülh sazişinin imzalanmasını təşviq etməklə regionda sabitliyin güclənməsinə çalışır. Nəticə olaraq, Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük strateji addım olacaq. Bu, yeni bir mərhələnin başlanğıcı deməkdir. Təbii ki, bəzi güclər bundan narahat ola bilər, lakin əsas diqqət bölgə xalqlarının maraqlarına yönəlməlidir. Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının imzalanması bölgədə sabitliyi möhkəmləndirəcək və əməkdaşlıq imkanlarını artıracaq. Təqribən 35 ildir davam edən gərginlikdən yorulmuş həm Azərbaycan, həm də Ermənistan xalqları bu sazişin imzalanmasını və yeni dövrün başlamasını arzulayır. Türkiyə isə bu prosesi yaxından izləyir və Azərbaycanın atdığı bütün addımları dəstəkləməklə regionda sülhün təmin olunmasına töhfə verir.

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
91
50
metbuat.az

10Sources