EN

İmişlidə yararsız və qadağan olunmuş pestisidlər xüsusi poliqona daşınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkət İmişli rayonu ərazisində 450 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilməsi üçün xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na yola salınıb.

Növbəti mərhələdə pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır. Eyni zamanda, təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və həmin proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Füzuli və Samux rayonlarının ərazilərində də istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatı daşınıb. Ötən il isə eyni proses müvafiq olaraq Beyləqan və Ağstafa rayonlarında icra olunub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası” yaradılıb. Komissiya tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Plana əsasən, bir sıra dövlət qurumlarına, o cümlədən AQTA-ya müvafiq işlərin görülməsi həvalə olunub.

Həmin çərçivədə AQTA tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində yararsız və qadağan edilmiş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyənləşdirilib.

Ölkə üzrə istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi prosesi strateji əhəmiyyət daşımaqla yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvan və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.

Chosen
13
18
ekologiya.az

10Sources