EN

Bu şəxslərin maaşı 800 manatı KEÇƏCƏK

Son günlər təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən biri ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma prosesi ilə bağlıdır. Sertifikatlaşdırmadan keçə bilməyən pedaqoqların aqibəti, onların gələcək fəaliyyət perspektivləri və bu prosesin hansı nəticələr doğuracağı barədə cəmiyyətdə suallar yaranıb. Digər tərəfdən, imtahanlardan uğurla keçən müəllimlərin əməkhaqlarında nəzərdə tutulan artımlar da maraq doğurur. Çünki bu həm müəllimlərin sosial rifahına, həm də ümumilikdə təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri hesab olunur. 

Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesində məqsəd müəllimlərin bilik və bacarıqlarını ölçmək, təhsildə keyfiyyəti yüksəltmək və nəticələrə görə differensial əməkhaqqı tətbiq etməkdir:

"Praktika göstərir ki, bu proses həm sosial, həm pedaqoji, həm də hüquqi baxımdan ciddi problemlərlə müşayiət olunur. 2025-ci ilin nəticələrinə görə, sertifikasiyaya daxil olan ibtidai sinif müəllimlərinin əhəmiyyətli bir hissəsi imtahandan keçə bilməyib. Keçid balını toplaya bilməyənlərin sayı yüzlərlədir və bu, təkcə fərdi müəllimlərin deyil, bütövlükdə bölgələrdə ibtidai siniflərin tədris keyfiyyətinə təsir edir. Nazirliyin rəsmi açıqlamalarına görə, uğurla keçənlərin maaşına 30 faizədək artım tətbiq olunur. Deməli, orta hesabla 600–650 manat maaş alan ibtidai sinif müəllimlərinin əməkhaqqı 780–850 manata qədər yüksəlir. Lakin bu artım yalnız keçənlərə şamil edilir, uğursuz olanlar isə işlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar".

Ekspertin sözlərinə görə, “Müəllimlərin sertifikatlaşdırılması Qaydaları”nda qeyd olunur ki, imtahandan keçə bilməyənlər təkrar imtahana buraxılır, ikinci dəfə də uğursuz olarsa, onların əmək müqaviləsinə xitam verilə bilər:

"Bu isə qanunun məntiqinə ziddir. Çünki dövlət bir tərəfdən müəllimlərin sosial müdafiəsini təmin etməlidir, digər tərəfdən isə imtahan nəticəsinə görə onlara işsiz qalmaq təhlükəsi yaradır. Burada sistemli ziddiyyət açıq görünür. Müsbət tərəfi ondan ibarətdir ki, sertifikasiya mexanizmi ən azı müəllimlərin üzərində işləməsini stimullaşdırır. Bu proses müəllimləri oxumağa, öz biliklərini təkmilləşdirməyə, yeni pedaqoji yanaşmalar öyrənməyə məcbur edir. Nəticədə peşəkarlıq səviyyəsi yüksələ bilər. Əlavə olaraq, uğur qazanan müəllimlərin maaş artımı motivasiya baxımından əhəmiyyətlidir. Amma mənfi tərəfləri daha çoxdur. İlk növbədə, imtahan yalnız test əsasında keçirildiyi üçün müəllimin pedaqoji bacarıqları, sinifdə şagirdlərlə ünsiyyəti, metodik yanaşması nəzərə alınmır. Yaxşı pedaqoq imtahanda zəif nəticə göstərsə, sıradan çıxarılır, halbuki onun sinifdə çox uğurlu təcrübəsi ola bilər. İkinci mənfi cəhət odur ki, uğursuz müəllimlərə dövlət tərəfindən heç bir dəstək proqramı yoxdur. Nə təlim kursları, nə əlavə hazırlıq, nə də fərdi inkişaf planı tətbiq edilir. Sadəcə, imtahanda nəticə göstərməyən müəllim kənara atılır".

Əsədov qeyd edib ki, dünya təcrübəsinə baxanda Azərbaycan modelinin nə qədər qeyri-elmi olduğu daha yaxşı görünür:

"Finlandiyada müəllimlərin sertifikasiyası müəllimlik fakültəsinə qəbulda həyata keçirilir və yalnız ən yaxşılar sistemə daxil edilir. ABŞ-da müəllimlər üçün müxtəlif lisenziya imtahanları var, amma uğursuz olanlara əlavə kurslar və mentorluq dəstəyi verilir. Türkiyədə sertifikasiya təlimlərlə müşayiət olunur, müəllimlər imtahana hazırlaşdırılır, yalnız ardıcıl dəfələrlə nəticə göstərməyənlər sistemdən kənarda qalır. Azərbaycanda isə dəstək mexanizmi yoxdur, yalnız sərt sınaq tətbiq edilir. Bu isə daha çox cəzalandırıcı xarakter daşıyır, inkişafetdirici yox.

Statistik təhlillər də göstərir ki, nəticələr ürəkaçan deyil. Son iki ildə sertifikasiya imtahanlarına qatılan müəllimlərin orta balı 60-dan yuxarı olmayıb. Bu isə o deməkdir ki, müəllimlərin böyük qismi proqramı zəif mənimsəyib. Əgər hər il yüzlərlə müəllim sistemdən çıxarılarsa, bölgələrdə onsuz da kəskin olan kadr çatışmazlığı daha da dərinləşəcək. İbtidai siniflərdə müəllimsiz qalan kənd məktəbləri artacaq, şagirdlər təhsil hüququndan faktiki olaraq məhrum ediləcək," - deyə Kamran Əsədov əlavə edib.

Chosen
28
news24.az

1Sources