EN

Logistika sektorunun iqtisadi dəyəri və Azərbaycanın regional tranzit üstünlüyü - ARAŞDIRMA

Son illərdə logistika sektoru təkcə daşımaların təşkili və malların çatdırılması funksiyasını deyil, həm də milli iqtisadiyyatların dayanıqlılıq səviyyəsini və xarici ticarət imkanlarını müəyyən edən əsas sahələrdən birinə çevrilib. İstehsaldan tutmuş istehlaka qədər bütün dövrlərdə dəyər zəncirinin düzgün qurulması logistik imkanların çevikliyindən və funksional strukturundan birbaşa asılıdır. Bu baxımdan, istər yerli bazarda rəqabətqabiliyyətlilik, istərsə də beynəlxalq ticarətdə iştirak baxımından logistikanın təsiri iqtisadi artımın dayanıqlı əsaslarından biri kimi ön plana çıxır.

Azərbaycan üçün logistika sektoru, həm strateji yerləşmə, həm də nəqliyyat infrastrukturuna edilən uzunmüddətli sərmayələr fonunda xüsusi əhəmiyyət daşıyır. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Xəzər dənizi ilə Orta Asiya bazarlarına çıxışı təmin etməsi və multimodal daşımaların təşkilində artan təcrübəsi regionun tranzit mərkəzinə çevrilmək üçün əlverişli zəmin yaradır. Xüsusilə 2020-ci ildən sonra bu imkanlar daha strateji baxımdan qiymətləndirilməyə başlanıb. Hazırda Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü və artıq fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu xətləri regionda logistik mərkəz kimi Azərbaycanın çəkisini artırır.

Azərbaycanın beynəlxalq ticarət dövriyyəsində logistika xərclərinin payı hələ də bir sıra inkişaf etmiş ölkələrlə müqayisədə yüksək qalsa da, bu sahədə aparılan rəqəmsallaşma və idarəetmə islahatları nəticəsində müsbət tendensiyalar formalaşır. Məsələn, Gömrük Komitəsi tərəfindən tətbiq olunan “yaşıl dəhliz” və “bir pəncərə” mexanizmləri nəqliyyat vasitələrinin sərhəddən keçidini sadələşdirərək vaxt və vəsait itkilərini azaldır. Bu dəyişikliklər yalnız daxili bazar üçün deyil, ölkə ərazisindən tranzitlə keçən beynəlxalq yük daşımaları üçün də cəlbedici şərait yaradır.

Qlobal baxımdan isə logistika sektoru son illərdə bir neçə ciddi çağırışla üz-üzə qalıb. COVID-19 pandemiyası dövründə tədarük zəncirlərinin qırılması, konteyner böhranı, limanlarda yaranan yüklənmələr və dünya üzrə nəqliyyat qiymətlərinin sürətli artımı bu sahənin qlobal iqtisadi dayanıqlıq üçün nə qədər kritik olduğunu açıq şəkildə göstərdi. Hazırda isə geosiyasi gərginliklər, Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdəki təhlükəsizlik riskləri və yeni ticarət bloklarının formalaşması logistik xəritənin yenidən qurulmasına səbəb olur. Azərbaycan isə bu prosesdə öz mövqeyini yalnız müşahidə etməklə kifayətlənməyib, əksinə, alternativ marşrutların inkişaf etdirilməsi və yeni yük axınlarının cəlb olunması üçün konkret addımlar atıb.

Azərbaycanın logistika sektorunda ən mühüm üstünlüklərdən biri də neftdənkənar sahələrin inkişafına töhfə verməsidir. Əgər bir vaxtlar ölkənin əsas ixrac və büdcə gəlirləri neft məhsullarına bağlı idisə, bu gün logistika, kənd təsərrüfatı, sənaye məhsullarının daşınması və ixracı ilə bu asılılıq getdikcə zəifləməkdədir. Xüsusilə sənaye parkları, azad iqtisadi zonalar və ixrac yönümlü müəssisələrin məhsullarının beynəlxalq bazarlara çıxışında sürətli və rəqabətcil logistika həlləri əsas şərtə çevrilib. Ələt Azad İqtisadi Zonası bu baxımdan xüsusi rol oynayır və artıq çoxsaylı xarici şirkətlərin maraq dairəsinə daxil olub.

Digər tərəfdən, yerli daşıma şirkətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, xidmət keyfiyyətinin artırılması və rəqəmsal idarəetməyə keçid prosesi bu sahədə texniki bilik və ixtisaslı işçi qüvvəsinə tələbatı artırır. Bu səbəbdən, həm dövlət, həm də özəl sektor tərəfindən təlim proqramları, logistik akademiyalar və texniki biliklərin ötürülməsi təşəbbüsləri son illərdə daha da fəallaşıb. Məlumdur ki, yalnız infrastruktur yox, insan kapitalı da logistik uğurun əsas dayaqlarından biridir.

Chosen
6
aznews.az

1Sources