EN

Bölgələrdə yenidənqurma və modernləşmə:Ölkəmizin davamlı inkişafının əsası

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Gəncəyə səfəri bu qədim şəhərin inkişaf tarixində mühüm bir mərhələ kimi yadda qalır

Bölgələrdə həyata keçirilən yenidənqurma və modernləşmə layihələri Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. Bu təşəbbüslər infrastrukturu yeniləməklə yanaşı, vətəndaşların həyat keyfiyyətini yüksəldir, onların gündəlik həyatını daha rahat və müasir edir. Son illərdə bölgələrdə aparılan genişmiqyaslı tikinti, abadlıq və sosial layihələr ölkəmizin inkişaf xəttini daha da möhkəmləndirir və regional potensialı artırır. Bu baxımdan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 20-də Gəncəyə səfəri həm şəhərin tarixi irsinin qorunmasına, həm də müasir inkişaf strategiyasının praktik realizasiyasına canlı nümunə oldu. Hər bir bölgəyə göstərilən diqqət və qayğı, dövlətimizin başçısının burada həyata keçirilən sosial-iqtisadi layihələri şəxsən izləməsi və işlərin gedişinə nəzarət etməsi ölkə siyasətinin əsas prioritetlərindən biridir.

Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, həm də ölkənin elm, mədəniyyət və sənaye mərkəzlərindən biridir. Burada görülən işlər yalnız şəhərin simasının yenilənməsi ilə məhdudlaşmır, həm də Azərbaycanın regional inkişaf konsepsiyasının reallaşmasının bariz nümunəsinə çevrilir. Dövlətimizin başçısının hər bir layihəni yerində izləməsi və verilən tapşırıqların icra mexanizminə xüsusi diqqət göstərməsi isə prosesin sistemli və məqsədyönlü şəkildə aparıldığını sübut edir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində ilk olaraq Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Bu, həm Gəncə sakinlərinə, həm də bütövlükdə Azərbaycan xalqına verilən bir mesaj idi: Heydər Əliyev irsi daim yaşayır və ölkəmizin inkişaf yolunun əsas dayağı olaraq gələcək nəsillərə ötürülür.

Müasir Gəncənin yeni siması

Son illərdə Gəncə şəhərində genişmiqyaslı abadlıq, tikinti və yenidənqurma işləri aparılır. Prezidentin diqqəti və tapşırıqları nəticəsində şəhərin siması köklü surətdə dəyişir. Səfər zamanı dövlətimizin başçısına təqdim olunan məlumatlar göstərir ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində bütün aidiyyəti qurumlar səfərbər olunub. Bu, təkcə idman tədbirinə hazırlıq deyil, həm də şəhərin uzunmüddətli inkişaf konsepsiyasının tərkib hissəsidir. Şəhərdə 120-dən çox küçənin asfalt örtüyünün yenilənməsi, bir sıra parkların bərpa olunması, yeni yaşıllıqların salınması, küçələrin işıqlandırma sistemlərinin yenilənməsi Gəncəni müasir Avropa şəhərləri ilə müqayisə ediləcək səviyyəyə qaldırır. “Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü və 49 küçədə, prospektdə işıqlandırma sistemləri, 62 ünvanda fasad işıqlandırılması yenilənib, 24 fəvvarədə təmir və bərpa işləri görülüb, 27 min kvadratmetr sahədə piyada yolları bərpa edilib.  Bu işlər Gəncəni yalnız idman oyunlarına hazırlamır, həm də burada yaşayan on minlərlə insanın gündəlik həyat keyfiyyətini yüksəldir. Şəhər sakinləri artıq yeni, müasir infrastrukturun faydasını hiss edir, Gəncə isə Azərbaycanın parlaq gələcəyinə inamlı addımlarla irəliləyir.

Qeyri-neft sənayesinin strateji ünvanı

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə yeni sənaye təşəbbüslərinin əsasını qoyan mühüm mərasimdə  “Azerbazalt” MMC-nin bazalt məhsulları istehsalı müəssisəsinin təməlqoyma tədbirində iştirak etdilər. Bu zavodun yaradılması Azərbaycanın qeyri-neft sektorunun inkişafı, xüsusilə də sənaye istehsalının şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Burada yalnız bazalt tozunun istehsalı deyil, həm də onun əsasında müasir standartlara cavab verən orqanik gübrə hazırlanacaq ki, bu da həm kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, həm də ekoloji cəhətdən davamlı istehsalın təşviqinə xidmət edəcək. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələnin investisiya dəyəri 27 milyon manat olaraq müəyyənləşdirilib. Əlavə olaraq, layihənin maliyyələşdirilməsində dövlət dəstəyi də özünü göstərir: İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu 30 faizlik payla bu prosesə qoşulub. Zavodun ümumi ərazisi 4 hektar təşkil edir və burada illik 360 min ton orqanik gübrə istehsalı planlaşdırılır. Müəssisənin texnoloji bazası İsveç və Türkiyənin qabaqcıl təcrübəsinə əsaslanacaq, əsas xammal isə Göygöl rayonunun “Çaykənd” yatağından əldə ediləcək yüksək keyfiyyətli bazalt olacaq. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur ki, bu da bölgədə sosial-iqtisadi rifahın yüksəlməsinə birbaşa təsir göstərəcək.

İkinci mərhələdə isə zavodun fəaliyyət istiqamətləri daha da genişlənəcək. Bu mərhələdə bazalt əsasında yüksək texnoloji məhsulların  bazalt lifi, 3D printerlər üçün filament və digər sənaye materiallarının istehsalı reallaşdırılacaq. Beləliklə, müəssisə yalnız kənd təsərrüfatı və tikinti sahəsinə deyil, həm də müdafiə sənayesi və yüksək texnologiyalar sektoruna xidmət edəcək. Bu, layihənin strateji dəyərini bir neçə dəfə artırmaqla yanaşı, Azərbaycanın ixrac imkanlarını da genişləndirəcək. İkinci mərhələ çərçivəsində əlavə 300 nəfərin işlə təmin olunması planlaşdırılır. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını qarşılamaqla yanaşı, xarici bazarlara çıxış imkanları da əldə edəcək və ölkəmizin qeyri-neft ixracına sanballı töhfə verəcək.

Beynəlxalq standartlara cavab verən idman arenası

Prezident və birinci xanım Gəncə stadionunun tikinti işləri ilə də tanış oldular. 1960-cı illərdə istifadəyə verilən stadion illərin təsirindən yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Gəncə stadionunun yenidən qurulması Azərbaycanın idman diplomatiyasında mühüm mərhələdir. Çünki bu arena həm ölkədaxili yarışların, həm də beynəlxalq turnirlərin keçirilməsinə imkan verəcək. Eyni zamanda, bu layihə Gəncənin inkişafına yeni dinamika gətirir, şəhərin turizm potensialını gücləndirir və yerli əhalinin sosial-mədəni həyatına müsbət təsir göstərir.

Vətən müharibəsinin izləri

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər zamanı Gəncə Memorial Kompleksində görülən işlərlə də tanış oldular. 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Gəncəyə atılan raket zərbələri nəticəsində çoxsaylı dinc sakin həlak oldu. Bu faciəli hadisələrin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün yaradılan Memorial Kompleks tarixi yaddaşın qorunması baxımından əvəzsizdir. Ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk. Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir. Bu məkan, eyni zamanda, Azərbaycan xalqının sülhə sadiqliyini, müharibə cinayətlərinin unudulmayacağını nümayiş etdirən tarixi bir mərkəzə çevriləcək.

Qafqaz dağlarının qoynunda istirahət məkanı

Səfərin son ünvanlarından biri Gəncə yaxınlığında inşa olunan “Hacıkənd” İstirahət Kompleksi oldu. Füsunkar təbiət mənzərələri ilə seçilən bu məkanda müasir tələblərə cavab verən istirahət və sağlamlıq imkanları yaradılacaq. Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndinin ərazisini əhatə edən Kompleksin ümumi sahəsi 23 hektara yaxındır. Eyni vaxtda 452 qonağın qəbulu üçün nəzərdə tutulan Kompleks müxtəlif kateqoriyalı 133 nömrədən, 19 birmərtəbəli standart və 10 ikimərtəbəli VIP kottecdən ibarət olacaq. Füsunkar təbiət mənzərələri ilə zəngin bu məkanda milli və beynəlxalq mətbəxin ləziz təamlarının təqdim olunacağı restoran və kafelər fəaliyyət göstərəcək. Burada qonaqlara istirahətlə yanaşı, sağlamlıqlarını təmin etmək məqsədilə də zəruri şərait yaradılacaq. Onların qapalı hovuzda istirahət etməsi, ənənəvi SPA xidmətlərindən istifadəsi, müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zalından faydalanması nəzərdə tutulur. Kompleksdə istirahətin daha əyləncəli keçməsi üçün karaoke, masaüstü oyunlar otağı və uşaqlar üçün unudulmaz anlar vəd edən rəngarəng xüsusi zonaların fəaliyyət göstərməsi planlaşdırılır. Ərazidə yerləşəcək futbol və basketbol meydançaları, yürüş zolaqları qonaqlara dağ mənzərələri fonunda fəal istirahət imkanı təqdim edəcək. Eyni zamanda, Kompleksdə işgüzar görüşlər, konfranslar və müxtəlif təyinatlı tədbirlərin təşkili üçün müasir texniki avadanlıqla təchiz ediləcək teatral üslubda 90 nəfərlik konfrans zalı yaradılacaq. Kompleks fəaliyyətə başladıqdan sonra burada ümumilikdə 300-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. Bu layihə təkcə regionun turizm potensialını gücləndirməyəcək, həm də sosial-iqtisadi inkişafa böyük dəstək olacaq.

Nəticə etibarilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Gəncəyə səfəri bir daha göstərdi ki, dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır. Şəhərdə həyata keçirilən hər bir layihə insanların rifahını yüksəltməyə, Gəncənin iqtisadi, sosial və mədəni inkişafını təmin etməyə xidmət edir. Bu gün Gəncə həm tarixi irsini qoruyan, həm də müasir inkişaf xəttinə qoşulan bir şəhər kimi Azərbaycanın parlaq gələcəyinə töhfə verir. Əminliklə demək olar ki, görülən işlər nəticəsində Gəncə yaxın illərdə Cənubi Qafqazın ən inkişaf etmiş şəhərlərindən birinə çevriləcək.

Nigar Orucova, “İki sahil”

Chosen
13
ikisahil.az

1Sources