EN

Makron Rusiyanı təpəgözə oxşatdı

Rusiyanın indiyədək yeritdiyi işğalçılıq siyasəti Avropa dövlətləri tərəfindən təşvişlə qarşılanır. Onların bəziləri bunu gizli və ya açıq formada etiraf etməyə başlayıblar. Avropalılar yaxşı bilirlər ki, kiçik mənafeyi üçün başqalarını vicdansızcasına qurban verən istilaçı dövlət kimsənin göz yaşlarına baxmır. Məhz amansızlıqlarına görə vaxtilə Moskvadan şimala və şərqə hücum edən Rusiya qoşunları min kilometrlərlə irəliləyərək kiçik xalqları, etnik azlıqları, tayfaları vəhşicəsinə qıraraq  ərazilərini öz əllərinə keçirmişlər. Əsarətə qarşı baş qaldıranları dəhşətli üsullarla cəzalandıraraq işğalı bu günə qədər də davam etdirirlər. Tutduqları ərazilərdəki toponimlərin adlarını dəyişərək ruslaşdırmışlar. Oradakı toponimlərin əksərinin adı türk adlarıdır. Volqa (İtil) çayından şərqə doğru uzanan ərazilərdə yüz illər boyu türklərin ilk yaşayış məskənləri olmuşdur. O torpaqlarda tatarlar, başqırdlar, tuvınlar, udmurtlar, mordvalar, çuvaşlar və başqa xalqlar məskən salmışlar. Çarlar həmin xalqları əsarət altına almış, bolşeviklər hakimiyyəti davam etdirmiş və Putin Rusiyasına təhvil vermişdir.  Bu günlərdə rus nəşrlərində Xankəndinin adını “Stepanakert” yazdıqlarına cavab olaraq Azərbaycanda Rusiya ərazisindəki türk adlarını olduğu kimi yazacaqlarını bildirəndə işğalçı ölkənin rəsmiləri haray-həşir qopardılar. Hədələdilər, incidilər, küsdülər və s.

Xatırladaq ki, gözləri torpaqdan doymayan Rusiya imperiyası I Pyotrun qanlı ssenarisi ilə bəzi Avropa ölkələrinin də ərazilərini ələ keçirmişdir. Azərbaycanın, Almaniyanın, Türkiyənin, Finlandiyanın, Baltikyanı ölkələrin bəzi ərazilərini, şəhər və qalalarını zorla işğal etmişdir. Dağıstan qədim dövrlərdən Azərbaycan ərazisi olsa da, əvvəl car Rusiyası, sonra Sovet hakimiyyəti onu zorla qopararaq öz ərazisinə qatmışdır.

Bununla da kifayətlənməyən Rusiya o qədər qudurub ki, hətta dilibir, qanıbir qonşusu Ukraynanı məğlub edib onun da ərazisini hissə-hissə zəbt etməyə, dövlət kimi xəritədən silməyə qərar verib.

İş o yerə çatıb ki, işğalçılıqda özündən geri qalmayan Fransa Rusiyanı təhlükə mənbəyi adlandırıb. Rusiydan geri qalmayan, Afrikanın kiçik ada dövlətlərini əsarətdə saxlayan, varidatını talayan müstəmləkəçi ölkənin prezidenti Emmanuel Makron Rusiyanı Avropa üçün uzunmüddətli təhlükə adlandırıb.

Xəbər verilir ki, dövlət başçısı Rusiya təhlükəsi barədə fikirlərini TF1 telekanalına müsahibəsində səsləndirib: “Putin nadir hallarda öhdəliklərinə əməl edib. O, sərhədləri dəyişmək və gücünü artırmaq məqsədilə daima destabilizasiya yaradan qüvvə olub. Rusiya uzun müddətə sabitliyi pozan və potensial təhlükəyə çevrilib. O, bizim qapımızdakı yırtıcı, divdir”, – deyə Makron bildirib.

Görün, Rusiya özünü nə qədər qəddar aparıbsa, Fransa kimi acımasız “Avropa jandarmı” belə ondan ehtiyatlandığını açıqca bildirir. Əslində, prezident Makronun Rusiya təhlükəsindən əndişələnməsinin heç bir əsası yoxdur. Çünki Fransa böyük “loxmadır”, hazırkı çətin vəziyyətində Rusiya onu uda bilməz. Aralarındakı böyük məsafənin olması da buna yol vermir. Üçüncüsü, Fransa NATO üzvü, nüvə dövlətidir, hansısa zəif ölkə deyil. Bütün bunları nəzərə alan prezident Emmanuel Makron əlavə edib ki, söhbət Rusiyanın sabah Fransaya hücum etməsindən getmir, ümumiyyətlə, belə bir təhlükənin mövcudluğundan gedir. Emmanuel Makron vurğulayıb ki, fransızlar Rusiyanın guya sülhsevər olması haqqında nağıllara inanmamalıdırlar. İmperiya başçıları öz qansızlıqlarını dəfələrlə göstəriblər. Prezident müsahibəsinin sonunda deyib: “Amma bu, avropalılar üçün real təhdiddir. Biz sadəlövh olmamalıyıq”.

Əlbəttə, avropalılar heç də sadəlövh deyillər. Onlar Rusiyanın etibarsız və işğalçı dövlət olduğunu çoxdan bilirlər. Görünür, imperator Napoleon Bonapartın biabırçı surətdə məğlub olduğu bu ölkənin xofu fransızların canından hələ də çıxmayıb. Sözlərindən də göründüyü kimi, Emmanuel Makron Rusiyanı qapısındakı qorxunc divə və təpəgözə oxşadır. Amma nahaq yerə, hər gün buynuzunun bir hissəsi sındırılan millətlər qatili getdikcə zəifləyir, zülm verdiklərindən ardıcıl zərbələr “yeyir.” Rusiya qocalmış at kimi heydən düşür, yırtıcı dişləri və qartımış caynaqları korşalır. Onun Suriyadan və bəzi qaynar regionlardan geri çəkilməsi buna açıq işarədir.

Vəli İlyasov, “İki sahil”

Chosen
3
ikisahil.az

1Sources