Bakı, 21 avqust, AZƏRTAC
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb. Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı boynundan asıb.
Bununla da cari mundialda medallarımızın sayı 5-ə çatıb. Xatırladaq ki, daha öncə Vasif Bağırov (57 kiloqram), Nurlan Ağazadə (70 kiloqram), Yusif Dursunov (125 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc medal qazanıb.