EN

“Neftçi”ni yox, özünə hörmət etməyi yox, pulu seçən - Son qərara sözardı…

"Neftçi"də əsas komandanın iki futbolçusu əvəzedici heyətə göndərilib.

Baş məşqçi Samir Abasovun qərarına əsasən, Ramil Şeydayev və Ryonosuke Ohori düşərgədən kənarlaşdırılıblar.

Hər ikisi bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.

R.Şeydayev baş məşqçi Samir Abasovun planlarına daxil deyil. Amma onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi olduğundan "Neftçi" müqaviləni birtərəfli qaydada ləğv edə bilmir.

29 yaşlı hücumçu 2024-cü ilin yayında "Neftçi" ilə 3 illik müqavilə bağlayıb. O, ötən mövsüm 31 oyunda meydana çıxıb və 4 qol vurub.

Ramil maaşının azaldılmasına razı deyil. Rəhbərlik ona maliyyə şərtlərində güzəştə getməsini təklif edib, okey verməyib. Alacağı kifayət qədər yüksəkdir - aylıq 55 min dollar civarında bir məbləğdən söz açırıq.

Şeydayev iki ayağını bir başmağa dirəyib, nə olur olsun, pul əldə etmək fikrindədir. Onu oynamaq yox, yalnız qazanc düşündürür.

Bir az futbolu, gələcəyini, karyerasını fikirləşsəydi, maddi mövzunu hələlik arxa plana keçirərdi.

Bilmək olmaz: əsas komandada oynamağa davam etsəydi, özünü təsdiqləsəydi, bəlkə də yönətim jest edəcək, maaşını təkrar artıracaqdı.

Şeydayev bu yolu seçmədi - özünə dəyər vermədi.

Uzun illər millinin formasını geyinəsən, həmişə adlı-sanlı klublarda çıxış edəsən, indi də «dubl»a getməyə razılaşasan… Böyük futbolçuların heç biri bunu qəbul etməz.

Ramilin varlığı ilə yoxluğu artıq «Neftçi»nin başbilənləri və baş məşqçisi üçün fərq eləməz. Puldur, yenə onu verəcəklər.

Bundan vacib məsələ var gündəlikdə - komandanın ab-havasını qaldırmaq, nəticələri nizama salmaq və irəli aparmaq. Yığmanın forvardını əvəzedici heyətə göndərməsinə görə kimsə Samir Abasovu qınaya bilməz.

Deyingən xarakteri, «mızı» davranışı və özünü hamıdan üstün tutmasıyla bilinən Ramilə o, yerini göstərdi, nəhayət!

Bu addımı ilə düşərgədəkilərin hamısına qəbul etdirdi ki, baş məşqçi odur və hansı futbolçu burnunu bir balaca yuxarı qaldıracaqsa, eyni aqibəti yaşayacaq.

Rəhbərliyə də təşəkkür düşür ki, Samir Abasovun arxasında dayandı, qərarını dəstəklədi.

Bu, hamıya örk olmalıdır. Şeydayev ötən mövsüm olduqca bərbad çıxış elədi, zaman-zaman daxildə problemlər çıxardı, çaxnaşma saldı.

Karyerasına, dünəninə hörmət edən istənilən futbolçu özünüisbat naminə pul üstündə dirənməz bu vəziyyətdə. Şeydayevdə belə bir keyfiyyət yoxdur, deyəsən, heç vaxt olmayıb da.

Şeydayev həmişə pulun arxasınca qaçıb. 2023-cü ilin yayında «Qarabağ»dan «Buriram Yunayted»ə də para üçün getdi. 2024-cü ilin yanvarında Tailanddan Türkiyəyə - «Kocaelispor»a elə daha artıq gəlir arxasınca yollandı.

Görünür ki, heç dəyişməyib o. Necə var, elə də qalıb.

Onun dirənişi prinsipiallıq deyil. Bir belə pul ala-ala cəmi dörd qol vurasan, sonra da «dubl»a göndərilməyə etiraz etməyəsən…

Müqavilənin ikitərəfli pozulmasına razılıq verə bilərdi amma. Bu, Ramil üçün də, klub üçün də ən uyğun qərar olardı.

Barı, indi belə edərdi.

MUSA

Chosen
8
sportinfo.az

1Sources