EN

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələri elan edilib

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.

Bu barədəAzərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyi məlumat verib.

Bildirilib ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna sentyabrın 22-də başlanacaq. Müraciət üçün son tarix oktyabrın 22-dir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti kiçik qrant müsabiqələri üzrə 15000 manat (icra müddəti 6 ayadək), orta qrant müsabiqəsi üzrə 30000 manat (icra müddəti 9 ayadək), böyük qrant müsabiqəsi üzrə 50000 manatdır (12 ayadək).

Mövzular WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər, ətraf mühitin və sağlamlığın qorunması, insan alveri ilə mübarizə, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi, həssas qruplarla iş, Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə, Qərbi Azərbaycana qayıdış prosesi, Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş, Regionların sosial-iqtisadi inkişafına ictimai dəstək, Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüsləri (sərbəst mövzu) əhatə edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlərə layihə təklifi, layihənin icra planı, layihənin xərclər smetası, layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə), QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri, QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti, QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti, qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar, orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat, orta qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd, böyük qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr, əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr, QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr, qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri, agentliyin əvvəlki qrant müsabiqələrində qalib olan, öhdəliyi yerinə yetirməyən və debütor borcu olan QHT-lərin layihələri müsabiqəyə buraxılmır.

Chosen
31
25
aznews.az

10Sources