EN

Türkiyəli nazir: Qars-Naxçıvan dəmir yolu Türkiyənin iqtisadi inkişafına güclü təkan verəcək

Türkiyə Qars-Naxçıvan dəmir yolunun tikintisini Azərbaycanda işlərin başa çatdırılması ilə eyni vaxtda yekunlaşdırmağı qarşısına məqsəd qoyub. Biz yaxın 4-5 il ərzində Zəngəzur dəhlizindən tam istifadə etməyə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adbulkadir Uraloğlu “CNN Türk” telekanalının efirində deyib.

O, Qars-İğdır-Aralık-Dilucu (Naxçıvan Muxtar Respublikası ilə sərhəddə) dəmir yolu layihəsinin Türkiyə üçün əhəmiyyətini şərh edərək bildirib ki, Azərbaycanla sərhədə qədər 224 kilometrlik dəmir yolu xətti Türkiyənin iqtisadi inkişafına güclü təkan verəcək. “Bu, təkcə Avropa ilə Asiya arasında üç dənizdə - Qara, Egey və Aralıq dənizlərində Türkiyə limanlarına çıxış imkanı olan malların daşınması üçün bir marşrut deyil. Şərqi Anadoluda yeni dəmir yolu boyunca logistika mərkəzləri yaradılacaq, istehsal gücü artacaq, yeni iş yerləri açılacaq”, - deyə Uraloğlu qeyd edib.

Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı proqramına da diqqət çəkib.

“Naxçıvanın özündə 150 kilometrə yaxın mövcud rels əsaslı şəkildə yenidən qurulur, daha 20 kilometrlik xəttin tamamlanması planlaşdırılır. Türkiyə və Azərbaycan Qarsda qatara minən sərnişinin birbaşa Bakıya getməsi üçün işi eyni vaxtda başa çatdırmağı hədəfləyir. Düşünürəm ki, yaxın 4-5 ildə dəhliz tam şəkildə fəaliyyətə başlayacaq”, -deyə nazir bildirib.

O vurğulayıb ki, 2,4 milyard avro həcmində xarici kreditlərin cəlb edilməsi sayəsində Qars-Naxçıvan dəmir yolu layihəsinin maliyyələşdirilməsində heç bir problem olmayacaq.

“Naxçıvandan keçən yeni marşrut Türkiyə ilə türk dövlətləri arasında daha səmərəli əlaqəni təmin edəcək. Qars-Naxçıvan dəmir yolu xətti Bakı-Tbilisi-Qars yoluna mühüm alternativ təşkil edəcək. İldə 5 milyon sərnişin daşıma potensialı olacaq. Bundan əlavə, biz ildə 15 milyon tona qədər yük daşıya biləcəyik”, -deyə Uraloğlu əlavə edib.

Ramil Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Chosen
34
6
xalqqazeti.az

7Sources