EN

“Aşağı Vəng” və “Nadirxanlı” KSEK-lər 25 min nəfəri elektrik enerjisi ilə təmin edəcək

Kəlbəcər rayonunda istifadəyə verilən “Aşağı Vəng” və “Nadirxanlı” KSEK-lər 25 min nəfəri elektrik enerjisi ilə təmin edəcək.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə rayonda fəaliyyətə başlayan “Aşağı Vəng” və “Nadirxanlı” kiçik su elektrik stansiyalarına təşkil olunan mediaturda bildirilib.

Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib.

Kaskad su elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə ümumilikdə 9 min 300 metr uzunluğunda derivasiya borusu çəkilib. Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.

“Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Kəlbəcər rayonunun 8 nəfər sakini stansiyalarda işlə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng” və “Nadirxanlı” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

Chosen
8
20
report.az

10Sources