EN

Sən ki, mənim dünənimi itirmisən... - Gününmahnısı

22 avqust tanınmış müğənni Aygün Bəylərin doğum günüdür.

Kulis.az bu münasibətlə sənətçinin həyatı, yaradıcılığı ilə bağlı maraqlı faktları və onun ifasında "Özün günahkarsan" mahnısını təqdim edir.

Aygün Aydın qızı Hümmətova və ya səhnə adı ilə Aygün Bəylər 22 avqust 1975-ci ildə Bakı şəhərində dünyaya gəlib.

İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib.

1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilib. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib.

Müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürüb.

Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb

1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olub. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və digər dövlətlərdə təmsil edib.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. Televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.

1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylərin sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar — Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənib.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birincilik mükafatına layiq görülərək festivalın qalibi olub.

Bu dövrdən başlayaraq 2005–2010 illər arası Aygün Bəylər dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərdə çıxışlar edib: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s.

2012-ci ildə Aygün Azərbaycan Dövlət Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olub. 2013-cü ildən etibarən ATV telekanalı ilə müştərək olaraq Aygün "Yenə o bağ olaydı" adlı müəllif proqramıyla efirə çıxıb.

2015-ci ildə solo konsert təşkil etmək lazım olan məbləğə görə evini girov qoyub. Konsert günü Günəşli neft yatağında yanğın hadisəsilə üst-üstə düşdüyünə görə konsert baş tutmamış, nəticədə Aygün Bəylər həmin məbləği itirib.

Özü də tutulduğu xəstəliyi bu hadisə ilə əlaqələndirib. 2022-ci ildə Aygün Bəylərə ölkə başçısı tərəfindən ev hədiyyə olunub.

6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib.

Vəziyyətinin ağır olduğu, saat 22:50 - də Ankara - Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb. Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib.

Müğənninin nəşi Bakıya 7 yanvar tarixində gətirilib vəSuraxanı kənd qəbiristanlığında dəfn olunub.

Chosen
25
1
kulis.az

2Sources