EN

CƏNUBİ QAFQAZDA YENİ GÜC ARXİTEKTURASI FORMALAŞIR... - Qəvami Sadıqbəyli yazır

8 avqust 2025‑ci il tarixində Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sülh bəyanatı regionun geosiyasi xəritəsində kəskin dönüş yaratdı. ABŞ Prezidentinin vasitəçiliyi ilə reallaşan bu addım təkcə iki qonşu arasında düşmənçiliyə son qoymaq deyil, həm də Cənubi Qafqazın güc balansını  yenidən qurmaq potensialını ortaya qoydu.

Bu reallıq Kremldə Moskvanın Cənubi Qafqaza  nəzarətinin  itirilməsi təəssüratı yaradıb. Məhz bu səbəbdən son günlər Rusiya mediasında anti‑Azərbaycan isteriyası güclənib.

Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan "Sülh çərçivəsi"Sazişinin ən mühüm bəndlərindən biri – “Trump Route for International Peace and Prosperity (TRIPP)” adlandırılan Zəngəzur marşrutu Naxçıvanla Azərbaycanın böyük hissəsini birləşdirəcək. Razılaşmaya görə, bu yolun 

uzunmüddətli inkişaf (idarəetmə) hüquqları ABŞ tərəfinə verilir.

İran rəhbərliyinin İrəvana səfəri və “ABŞ‑ın sərhəddə varlığına” etirazları göstərir ki, Zəngəzur yolu Cənubi Qafqazın təkcə ticarət xəritəsini deyil, eyni zamanda onun təhlükəsizlik arxitekturasını da dəyişir.

Sazişdən dərhal sonra Rusiyanın Ukraynanın cənubunda SOCAR‑a məxsus neft bazasına təkrar zərbələri, həmçinin enerji və liman infrastrukturunu hədəfə alması, Kremlin hərbi mesaj diplomatiyasının klassik nümunəsidir. Odessa vilayətində SOCAR-a aid neft anbarlarının bombalanması və böyük yanğınlar real qeydlərlə təsdiqlənib.

Bu təcəvüz aktı ilə paralel olaraq, BTC marşrutu ilə Avropaya göndərilən xam neftə “xlor" qatılması şübhəsi Rusiyanın hibrid əməliyyatlarının  aləti kimi qiymətləndirilir. Məqsəd BTC kəməri ilə Avropaya ötürülən neftin keyfiyyətinə olan etimadı sarsıtmaqdır. 

Digər tərəfdən, Rusiyada fəaliyyət göstərən Azərvaycan  Diasporosı  sıxışdırılır, rəsmi Bakıya qarşı informasiya cəbhəsi genişlınmişdir. Rusiyada yaşayan  etnik azərbaycanlılara qarşı reydlər və zorakılıq aktları, eyni vaxtda Bakıda rus dövlət mediasının yerli strukturlarına dair istintaqlar iki paytaxt arasında gərginliyin sistemli xarakter aldığını göstərir. 

Kreml təbliğatı Azərbaycan cəmiyyətində ciddi rezonans doğurmayıb. Əksinə, rəsmi Bakı da informasiya təhlükəsizliyi rejimini sərtləşdirdiyini nümayiş etdirir. Rusiyanın Azərbaycana qarşı başlatdığı "hibrid" müharibəsinin güclənməsi fonunda NATO Baş katibi Mark Rutte 19 avqust 2025‑də açıqladı ki, 2026‑cı ilin 7–8 iyulunda NATO-nun Zirvə Toplantısı Ankaradakı Beştəpə kompleksində keçiriləcək. Bu qərar Türkiyənin alyansdakı çəkisini və cənub‑şərq cinahının strateji əhəmiyyətini bir daha təsdiq edir.

Azərbaycanın NATO üzvu olan qardaş Türkiyə ilə strateji müttəfiqliyi ölkəmizə əlavə şans qazandırır.

Azərbaycanın təhlükəsizlik, müdafiə sənayesi, rabitə‑enerji xətləri və NATO ölkələrinin himayəsinə keçən TRİPP - Zəngəzur yolu ilə daha sıx inteqrasiyası gündəliyə gəlir.

Bakı Moskva ilə qarşıdurma istəmir, lakin SOCAR‑a edilən zərbələr, diasporanın hədəfə alnması və enerji tədarükünə müdaxilələr fonunda cavab addımlarının “simmetrik” ola biləcəyini açıq saxlayır. Bu, Ukrayna ilə texnoloji‑logistik əməkdaşlıqdan tutmuş,  hava hücumundan müdafiə (HHM - PVO) şəbəkələrinin gücləndirilməsinə qədər müxtəlif ssenariləri əhatə edə bilər.

Vaşinqton -Bakı münasibətlərinin dərinləşməsi  fonunda gələn siqnallar da bunu təsdiqləyir. Bunlarla yanaşı. İrəvan–Ankara münasibətlərinin  normallaşması da artıq yalnız ikitərəfli məsələ deyil, həm də TRIPP - Zəngəzur marşrutu ilə  bağlı olan Ağ Ev sazişi bu prosesi stimullaşdıran çərçivə rolunu oynayır.

Baş verən hadisələr Cənubi Qafqazda mövcud olan Rusiya hərbi infrastrukturunun, xüsusilə Gümrüdəki 102‑ci hərbi bazanın və sərhədçi kontingentinin gələcək taleyini şübhə altına salır. Bu barədə Ermənistan daxilində aparılan müzakirələr həm geosiyasi, həm də daxili siyasi riskləri qabardır. Ortaya çıxan  reallıqlar fonunda Rusiya hələ də Ukraynada  “uzanan aşınma  prosesində" (bataqlıqda) ilişib qalmışdır. Resursların tükənməsi, sanksiyalar və texnoloji məhdudiyyətlər Kremlin Cənubi Qafqaza aktiv təsir imkanlarını daraldır.

Moskvanın Bakıya qarşı tətbiq etdiyi güc mesajları və "hibrid müharibəsi"  qısamüddətli sarsıdıcı təsir yaratsa da, strateji müstəvidə əks effekt doğurur:

- Region dövlətlərinin Qərb təhlükəsizlik şəbəkəsinə yaxınlaşmasını sürətləndirir ;

- Türkiyənin rolunu yüksəldir,

- Azərbaycanın  nəqliyyat‑enerji statusunu möhkəmləndirir.

TRIPP - Zəngəzur marşrutu isə bu transformasiyanın əsas elementidir.

Qəvami SADIQBƏYLİ

Chosen
81
2
hurriyyet.az

3Sources