EN

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Zəngəzur dəhlizinin açılmasını daha da sürətləndirəcək

Qars-İğdır-Aralık-Dilucu marşrutu üzrə, Naxçıvanla sərhəddə yerləşən 224 kilometrlik dəmir yolunun tikintisi ilə Türkiyənin şərq bölgəsində region üçün, dünya üçün əhəmiyyətli bir layihənin – qlobal strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulur. Hələ 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmiryolu layihəsi ilə bağlı niyyət protokolu imzalayıb. Nəhayət, Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvan sərhəddi) dəmir yolu xəttinin tikintisinə başlanıldı. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirir ki, dəmir yolu nəzərdə tutulduğu kimi, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək. Bu layihə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılmış mühüm tarixi addım hesab olunur. Yeni dəmir yolu illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaya imkan yaradacaq. Saatda 160 kilometrədək sürətə hesablanmış layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid, 480 suötürücü və s. inşası planlaşdırılıb. Bundan başqa, bir çox hissələrdə qrunt möhkəmləndirmə işləri və digər torpaq işləri aparılacaq.

A.Əsədov qeyd edir ki, Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd  dəmir yolu tikintisinin, 67 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb. Dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün, Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhəddində olan, təqribən, 170 kilometrlik hissəni Azərbaycan tərəfi tikəcəkdir. Burada 150 km öncədən mövcud idi və müəyyən rekonstruksiya işləri aparılacaqdır, 20 km dəmir yolu isə sıfırdan salınacaqdır. 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı məsələlər də aydınlaşmaq üzrədir və bütün hallarda qeyd edilən dəmir yolu tikintisi işlərinin eyni vaxtda tamamlanması planlaşdırılır. Bundan başqa, dəhliz uzun müddətdir blokada şəraitində olan Naxçıvan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradacaq. Təbii ki, regionun digər ölkələri üçün, o cümlədən Ermənistan üçün də bu dəhliz faydalı ola bilər – ölkə tranzit mərkəzinə çevrilə, xarici bazarlara çıxış əldə edə və investisiyaların cəlbi baxımından təşviqedici ola bilər.

Nəticə olaraq, Naxçıvan Bakı əlaqələrini intensivləşdirəcək bu dəmir yolunun bərpası və tikintisi təkcə regional deyil, həm də beynəlxalq diqqət mərkəzindədir. ABŞ da daxil olmaqla bir çox ölkələr bu prosesə ciddi maraq göstərir və strateji əhəmiyyətini vurğulayırlar. Həm də ona görə ki, Orta dəhlizlə davamlı olaraq artan yük axınını aşıra biləcək yeni dəhlizlərə (yollara) ehtiyac var. Daha konkret desək, bu gün təməli qoyulan yolun tamamlanması ilə yük axınlarının yeni bir marşrutu formalaşacaq. Hansı ki, bu yeni yol Bakı-Tbilisi-Qars xəttinə alternativ deyil, onu tamamlayan, yük axınlarını birgə aşırmağa imkan verən əməkdaşlıq yoludur. 

İİTKM-in şöbə müdiri vurğulayır ki, beynəlxalq sülh və rifaha xidmət edəcək Zəngəzur dəhlizinə yalnız nəqliyyat və logistika nöqteyi-nəzərindən yanaşmaq onun əhəmiyyətini tam ifadə etmir. Bu layihə, həm də Azərbaycanla Türkiyə arasında, ümumilikdə isə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi və siyasi münasibətlərin güclənməsinə xidmət edəcək. O cümlədən, Zəngəzur dəhlizinin Cənubi Qafqazda sabitlik və mehriban qonşuluğun gücləndirilməsi kontekstində əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. 

Təməli qoyulan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu isə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün strateji bir qazancdır. Tarixən parçalanmış marşrutların bərpası Türk dünyası arasında körpü funksiyasını yerinə yetirəcək. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-tranzit fəaliyyətlərini gücləndirəcək mühüm bir marşruta çevriləcək. Beləliklə, Zəngəzur dəhlizi qarşıdakı onilliklərdə regional proseslərə təsir edən əsas layihələrdən biri kimi tarixdə qalacaq.

Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsinə xarici mənbələrdən 2,4 milyard avro cəlb edilməsi üçün müvafiq razılaşmalar əldə olunub. Yəni, məqsədi regionda nəqliyyat şəbəkələri və ticari əlaqələrin inkişafına töhfə vermək olan bu layihənin icrası ilə bağlı hər hansı maliyyə problemi mövcud deyildir. Layihənin istifadəyə verilməsi ilə şərq-qərb dəhlizinin Pekindən Londona qədər uzantısı daha da möhkəmlənəcək və səmərəliliyi artacaq, Azərbaycan və Türkiyənin logistika potensialı genişlənəcək, regionun geostrateji əhəmiyyəti daha da güclənəcəkdir. 

Aqil Əsədov qeyd edir ki, Qars-İğdır-Aralıq-Dilucu yolu bütün Türk dünyasını birləşdirən strateji bir layihənin mühüm tamamlayıcı bir hissəsidir. Hansı ki, bu yol Azərbaycana, Türkiyəyə, region dövlətlərinə və Qərb ölkələrinə uzunmüddətli dividentlər vəd edir. Başqa sözlə deəsk, Qars-İğdır-Aralıq-Dilucu xətti təkcə Azərbaycanı dünya ilə qovuşdurmur, həm də keçdiyi ölkələrin regional əhəmiyyətini artırır, qlobal inteqrasiya proseslərini sürətləndirir.  

Onun fikrincə layihədən əsas gözləntilər əsasən bir neçə vacib istiqamət üzrədir:

Göründüyü kimi, Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsi regionda nəqliyyat, ticarət və iqtisadiyyat üçün yeni bir dövrün başlanğıcı kimi qəbul edilə bilər. Qlobal və regional inkişafa xidmət edəcək bu layihə təkcə bölgənin, regionun deyil, ümumilikdə qitələrarası münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Chosen
26
2
xalqqazeti.az

3Sources