EN

Edson Alvares rəsmən “Fənərbağça”da

İngiltərənin “Vest Hem” klununun dayaq yarımmüdafiəçisi Edson Alvares bundan sonra “Fənərbağça”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında “Fənərbağça”nın formasını geyinəcək.

Edson Alvares “Paçuka”nın yetirməsi olsa da, peşəkar karyerasına Meksikanın digər klubu “Amerika”da başlayıb. 2019-2023-cü illər aralığında isə futbolçu Niderland nəhəngi “Ayaks”da çıxış edib. “Vest Hem” Alvaresi 2023-cü ilin yayında “Ayaks”dan 38 milyon avro müqabilində transfer etmişdi. Meksikalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinin heyətində 73 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Meksikanın U-18 və U-20 yığmalarında da oynamış Edson 2017-ci ildə əsas millidə debüt edib. O, Meksika millisinin heyətində 93 oyun keçirib, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Chosen
79
arena.az

1Sources