EN

Türkmənistanda əldə olunan razılaşmalar regional inteqrasiya proseslərini sürətləndirəcək

 Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan liderləri arasında yüksək səviyyəli görüş keçirilib. Bu görüş, Türk dünyasının əməkdaşlığı və regional inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan üçün bu görüş hansı strateji üstünlükləri təmin edə bilər?
 
Moderator.az xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub.
 
O qeyd edib ki, bu gün Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərdə enerji və kommunikasiya ilə bağlı çox vacib görüş baş tutub, qərarlar qəbul edilib:
 
“Bu görüşdən sonra, Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev üçtərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm sənədlər imzalayıblar.
Birincisi onu qeyd edim ki, Üçtərəfli format ( Azərbaycan–Türkmənistan–Özbəkistan) ikitərəfli münasibətlərdəki ildırım surətilə inkişafın üçtərəfli və gələcəkdə dördtərəfli əməkdaşlığa   keçdiyini göstərir. Liderlər Xəzər dənizi, Orta Asiya  ( Mərkəzi Asiya) və Cənubi Qafqazı birləşdirən nəqliyyat-logistika marşrutlarının inkişafını prioritet elan ediblər.
Tərəflər arasında iqtisadiyyat, ticarət, nəqliyyat, enerji və mədəni-humanitar əməkdaşlığı əhatə edən sənədlər imzalanıb. Xüsusilə Xəzər dənizi üzərindən tranzit və yükdaşımaların artırılması, həmçinin yaşıl enerji və qaz resurslarının şaxələndirilməsi diqqət mərkəzində olub”.
 
Zaur Məmmədov vurğulayıb ki, bu sənədlər Azərbaycan, Türkmənistan və Özbəkistanın həm regional güc balansında mövqeyini möhkəmləndirir, həm də onların qaz,  və nəqliyyat şəbəkələrini birləşdirərək Çinə və Avropaya çıxışını asanlaşdırır. Beləliklə, üç ölkə birlikdə həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də Beynəlxalq Nəqliyyat dəhlizləri kontekstində əməli fəaliyyətə keçirlər: 
 
“Bundan əvvəl Azərbaycan və Özbəkistan  arasında nəqliyyatla bağlı razılıqlar əldə edilmişdi. Lakin, Özbəkistanın Avropaya çıxışı üçün Türkmənistan lazım idi. Türkmənistan isə, ehtiyatlı davranır, risk və imkanlar haqqında düşünürdü. Görünən odur ki,  məhz Azərbaycan  tərəfi Türkmənistanı inandıra bilib. Nəticədə, Azərbaycan Prezidenti regional miqyasda daha bir uğura imza ataraq Azərbaycanın siyasi və iqtisadi statusunu möhkəmləndirmiş oldu”.
 
Chosen
29
moderator.az

1Sources