EN

Millət vəkili: "Türk dünyası artıq qlobal oyunçuya çevrilir”

“Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri və bu çərçivədə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında yüksək səviyyəli görüş yeni geosiyasi konfiqurasiyada Türk dünyasının artan rolu və güclənən təsir imkanları prizmasından tamamilə yeni tarixi mərhələ hesab olunmalıdır”
 
Bu sözləri Moderator.az-a açıqlamasında Millət vəkili Bəhruz Məhərrəmov deyib.
Millət vəkili qeyd edib ki,  Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində böyük Zəfərinin ardınca Cənubi Qafqazda yeni reallığın formalaşması, cənab İlham Əliyevin qətiyyəti ilə bölgədə sülh təşəbbüslərinin Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə nəticələnməsi Cənubi Qafqaza dayanıqlı sülh vəd etməklə yanaşı, bütövlükdə region üçün yeni əməkdaşlıq perspektivi vəd edir:
 
 “Bu format, eyni zamanda Orta Asiya dövlətləri üçün Qərb və dünya bazarına etibarlı çıxış vəd etməklə bu coğrafiyanın subyektlərinin qlobal siyasətdə çəkisinə önəmli təsir edir. Sirr deyil ki, geniş ərazi, zəngin təbii sərvətlər və əhəmiyyətli insan ehtiyatı Türk dünyası üçün həmişə perspektiv vəd edib, lakin güc və imkanların birləşdirilməsi və əməkdaşlıq mühitinin dərinləşməsi istiqamətində qlobal platformalarda vahid mövqedən çıxış etmək heç də qardaş dövlətlər tərəfindən həmişə təmin edilə bilməyib. Pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının səylərinin birləşdirilməsi və məhz Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Türk dünyası tarixində qlobal oyunçu kimi davrana bilmək təcrübəsi ortaya qoydu. Azərbaycanın böyük Zəfəri ilə regionda qeyri-sağlam maraqlar güdən kənar güclərin zərərsizləşdirilməsi, yaxud neytrallaşdırılması bu vaxta qədər kommunikasiya dəhlizləri və qlobal bazara çıxış yolları ilə təhdid edilən Orta Asiya dövlətləri üçün də yeni imkan açdı və beləliklə əvvəllər yalnız mənəvi və siyasi bağlar əsasında qurulan münasibətlərimiz həm də qarşılıqlı iqtisadi maraqlarla tarixin heç bir dövründə olmadığı qədər çevik və mütəşəkkil davranış imkanı qazandı”.
 
Millət vəkili vurğulayıb ki,  sevindirici haldır ki, yaranan yeni reallıq fonunda Türk dünyasının konsolidasiya olunmuş mövqedən çıxış etməsi yalnız bəyanatlarda yox, həm də praktik addımlarda özünü göstərir və bu mənada, Azərbaycan, Özbəkistan və Türkmənistan arasında yüksək səviyyəli görüş əməkdaşlığımızın sürətlə dəyişən reallıqlara uyğunlaşdırılması baxımından vacib idi.
 
Mehin Mehmanqızı
 
Chosen
11
moderator.az

1Sources