EN

Ukrayna Avropa İttifaqından 4 milyard avrodan çox maliyyə dəstəyi aldı

Ukrayna Avropa İttifaqından ümumilikdə 4,05 milyard avro maliyyə yardımı əldə edib. Bunun 1 milyardı "ERA Loans" proqramı çərçivəsində dondurulmuş Rusiya aktivlərindən, 3,05 milyardı isə "Ukraine Facility" alətindən ayrılıb. 

HİT.az xəbər verir ki, bu barədə baş nazir Yuliya Sviridenko məlumat verib.

Onun sözlərinə görə, bu dəstək həm dövlət büdcəsini, həm də bərpa prosesini gücləndirəcək. Maliyyə Nazirliyindən bildirilib ki, vəsait ilk növbədə dövlət büdcəsinin sosial və humanitar xərclərinə yönəldiləcək.

Xatırladılıb ki, 2024–2027-ci illər üzrə "Ukraine Facility" çərçivəsində Ukraynaya təqribən 50 milyard avro ayrılıb. Bunun 38,27 milyard avrosu birbaşa büdcə dəstəyidir. 2024-cü ildən bəri bu alət vasitəsilə dövlət büdcəsinə artıq 22,6 milyard avrodan çox vəsait daxil olub.

Təkcə 2025-ci ildə 12,5 milyard avro cəlb olunması planlaşdırılır, onun 6,5 milyarddan çoxu artıq büdcəyə köçürülüb.

Maliyyə Nazirliyinin açıqlamasına görə, növbəti tranşı almaq üçün Ukrayna 2025-ci ilin birinci rübünədək nəzərdə tutulmuş islahat addımlarını həyata keçirib. Bu addımlar korrupsiya ilə mübarizə, dövlət idarəçiliyi, regional siyasət, insan kapitalı, aqrar-sənaye sektoru, rəqəmsal transformasiya, ekoloji mühafizə və dövlət aktivlərinin idarə olunması sahələrini əhatə edir.

"ERA" mexanizmi Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına 50 milyard ABŞ dolları ayırmağı nəzərdə tutur. Bu məbləğin 18,1 milyard avrosu Avropa İttifaqının payına düşür. Ümumilikdə, bu təşəbbüs çərçivəsində Ukrayna artıq Aİ-dən 9 milyard avro cəlb edib.

Avropa İttifaqı Şurası 8 avqustda Ukraynaya 3,056 milyard avro maliyyə dəstəyi ayrılması barədə qərar qəbul etmişdi. Lakin Kiyev nəzərdə tutulmuş 16 islahatdan üçünü tam yerinə yetirmədiyi üçün tranşun həcmi gözləniləndən az olub.

Avqust ayında isə Aİ dondurulmuş Rusiya aktivlərindən 1,6 milyard avro faiz gəliri əldə edib və bu vəsaitin də Ukraynaya yönəldilməsi planlaşdırılıb. Bu, 2024-cü ilin iyulunda verilən ilk, 2025-ci ilin aprelində verilən ikinci köçürmədən sonra üçüncü tranş olacaq.

Samir

Chosen
9
hit.az

1Sources