EN

“Fransa birdən-birə yumşalmır, sadəcə reallıqlarla hesablaşmağa məcburdur” - Azər Həsrət

“Fransanın mövqeyinin dəyişməsi Azərbaycanın yaratdığı reallıqlarla bağlıdır. Yəni, Fransa təbii ki, Ermənistan, Azərbaycan və Türkiyə ilə münasibətini tamamilə dəyişməyib. Sadəcə, Azərbaycanın yaratdığı reallıqlar Fransanı məcbur edib ki, yumşalmış kimi görünsün və belə davransın. Çünki Azərbaycan sərt şəkildə hərəkət etdikcə, Fransa ilə bağlı məsələlərdə də düzgün və sərt cavab verə bilib və beynəlxalq gündəm yaratmağı bacarıb. Bu, hətta BMT səviyyəsində də etiraf edilib. Fransanın özü dəfələrlə yüksək səviyyədə bəyan edib ki, Azərbaycan Avropa Birliyinin daxili işlərinə qarışır. Avropa Birliyi rəsmiləri də bunu təsdiqləyib. Yəni görünür ki, Azərbaycan kiçik dövlət olsa da, Avropa Birliyinin daxili işlərinə təsir göstərə biləcək qədər güclüdür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, son zamanlar Cənubi Qafqazda baş verən hadisələr göstərir ki, beynəlxalq münasibətlərdə dəyişikliklər müşahidə olunur. Fransanın Azərbaycan-Ermənistan məsələsinə yanaşmasında yumşalma diqqət çəkir. İllərdir Ermənistanı dəstəkləyən Fransa indi daha balanslı mövqe nümayiş etdirir. Prezident Emmanuel Makronun liderlərlə birbaşa danışıqlara müsbət yanaşması və Türkiyə Prezidenti ilə telefon danışığı bu dəyişikliklərin nümunəsidir. Fransa regionda sülh və əməkdaşlığın vacibliyini anlayır və bu istiqamətdə addımlar atır.

Siyasi şərhçi qeyd edib ki, təbii ki, güclü olsan, səninlə hesablaşırlar.

“Bakının hesablaması budur ki, Fransanın mövqeyinin dəyişməsi məhz bu güclə bağlıdır. Fransa reallıqları qəbul etmək məcburiyyətində qalıb və bu reallıqları Azərbaycan yaradıb. Ona görə də düşünməyək ki, Fransa birdən-birə yumşalır; sadəcə, reallıqla hesablaşmaq məcburiyyətindədir. Əgər əvvəlki kimi inat etsəydi, Azərbaycan hələ Fransa ilə münasibətdə bütün resurslarını işə salmamışdı. Fransada bunu anlayırlar, ona görə də artıq ziyanı minimuma endirmək üçün yumşalma nümayiş etdirirlər. Üstəlik, ABŞ-ın Azərbaycana münasibətini gördükdən sonra Fransa üçün də aydındır ki, Azərbaycan kiçik bir dövlət olsa da, ABŞ belə onunla hesablaşır. Bu baxımdan, Fransanın münasibəti də bu kontekstdə qurulmalıdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Chosen
13
aznews.az

1Sources