EN

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər - Yenilənib

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər...

Poliqon xəbər verir ki, əvvəlcə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bəyanatla çıxış etdi.

Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun bəyanatı

-Hörmətli media nümayəndələri.

Hörmətli nümayəndə heyətlərinin üzvləri.

Xanımlar və cənablar.

İlk növbədə, Azərbaycan və Özbəkistan liderlərinə bugünkü görüşdə iştiraklarına, yüksəksəviyyəli üçtərəfli görüşə qatılmaq üçün dəvəti qəbul etdiklərinə görə təşəkkür etmək istəyirəm.

Bugünkü görüş çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır. Danışıqlar çərçivəsində əməkdaşlığın müxtəlif aspektlərini, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələsini, - xüsusən siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə, - müzakirə etdik. Bu gün Türkmənistan, Azərbaycan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlıq edir və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də bir-birinin təşəbbüslərini dəstəkləyir. Dialoq bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində aparılır.

İqtisadi ölkələrimizin əməkdaşlıq baxımından potensialını nəzərdən keçirdik ki, bu da təkcə bizim deyil, bütün Avrasiya regionunun inkişafına töhfə verir. Bu qarşılıqlı fəaliyyət bizə bütün regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Bunu təsdiqləyən çoxlu misallar var. Elektrik enerjisi sahəsində əməkdaşlığı qeyd etmək kifayətdir, burada bizim faydalı əlaqələrimiz var.

Biz qaz sahəsində strateji tərəfdaşlığın dərinləşdirilməsinin mühüm məsələlərini, eləcə də perspektivləri müzakirə etdik və əməkdaşlığı gücləndirməyə hazır olduğumuz barədə razılığa gəldik.

İkitərəfli əməkdaşlığın əsas istiqaməti nəqliyyat sektorudur. Biz “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəldik. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdik.

Çoxtərəfli dialoq çərçivəsində humanitar əlaqələri gücləndirmək barədə razılığa gəldik. Xüsusən, təhsil, elm, idman, səhiyyə, incəsənət, xalçaçılıq və digər sahələrdə yüksək potensial mövcuddur. Bu sahələrdə yaxşı əməkdaşlıq təcrübəmiz var. Ümumiyyətlə, bu görüş üçtərəfli əlaqələri gücləndirmək üçün bizə yeni imkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün çox çalışmalıyıq.

Fürsətdən istifadə edərək, iki ölkənin liderlərinə təşəkkürümü bildirmək, Azərbaycan və Özbəkistan xalqlarına əmin-amanlıq arzulamaq istəyirəm.

Sağ olun.

x x x

Sonra Özbəkistan Prezidenti bəyanatla çıxış edib.

Prezident Şavkat Mirziyoyevin bəyanatı

-Hörmətli media nümayəndələri.

Xanımlar və cənablar.

Əvvəlcə icazə verin, türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin sədri hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bugünkü görüşü yüksək səviyyədə təşkil etdiyinə və səmimi qəbula görə ürəkdən minnətdarlığımı bildirim.

İki həftə əvvəl burada, bənzərsiz Avazada Birləşmiş Millətlər Təşkilatının mühüm forumu – Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin III Beynəlxalq Konfransı yüksək səviyyədə keçirildi.

Beynəlxalq Sülh və Etimad İlində bizim regionumuz üçün fövqəladə dərəcədə kəskin problemlər qlobal xarakterli diskussiyaların mərkəzində oldu.

Müsbət neytrallıq siyasətində bu böyük nailiyyət münasibətilə qardaş türkmən xalqını bir daha təbrik edirəm.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi və qardaş Azərbaycan xalqını tarixi hadisə - Vaşinqton şəhərində Ermənistanla Birgə Bəyannamənin imzalanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu, igid və mətanətli Azərbaycan xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürüdür.

Hesab edirik ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığımızın böyük potensialının tam şəkildə açılmasına imkan verəcək.

Hörmətli jurnalistlər, vurğulamaq istərdim ki, bu gün üçtərəfli formatda baş tutan konstruktiv və məhsuldar danışıqlar məni dərindən məmnun edib.

Bizim görüşümüz xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi.

Coğrafi mövqeyi, iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələri nəzərə alaraq belə bir əməkdaşlıq hamımız üçün faydalı olacaq.

Qeyd etmək istəyirəm ki, mürəkkəb qlobal siyasi proseslər və dəyişkən dünyanın iqtisadi konyunkturası şəraitində tərəfdaşlığımız dayanıqlı inkişafın təmin olunmasına yönəlib.

Danışıqlar zamanı nəqliyyat dəhlizlərinin inkişafı, o cümlədən Türkmənbaşı və Bakı limanlarının imkanlarından səmərəli istifadə, birgə logistika infrastrukturunun formalaşması məsələlərinə xüsusi diqqət yetirdik.

Milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi məqsədilə regionumuzda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi planlarını ətraflı müzakirə etdik. Özbəkistan bu sahədə əlaqələndirilmiş siyasətin həyata keçirilməsinin tərəfdarıdır. Bu, ilk növbədə, tarif siyasəti və beynəlxalq bazarlara çıxış zamanı biznes üçün əlverişli şəraitin yaradılması məsələlərinə aiddir. Biz logistika infrastrukturunun inkişafı layihələri üzərində birgə iş aparılması və Xəzər dənizi vasitəsilə bərə daşımaları üzrə razılığa gəldik.

Bundan başqa, üç ölkənin energetika sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik. Söhbət karbohidrogen yataqlarının işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələrdən gedir. Əmtəə dövriyyəsinin böyük həcmdə artırılması və sənaye kooperasiyası miqyaslarının genişləndirilməsi danışıqların gündəliyində əsas yer tuturdu. Biz razılığa gəldik ki, milli müəssisələrimizin istehsal etdiyi keyfiyyətli məhsulların qarşılıqlı tədarükünü stimullaşdıraq.

Ölkələrimizin regionlarının potensialının daha çox cəlb edilməsi ilə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradılacaq. Su ehtiyatlarının rasional istifadəsi və ekoloji təhdidlərə qarşı fəaliyyət sahələrində əməkdaşlığı genişləndirəcəyik.

Bundan başqa, turizm və mədəni mübadilə sahələrində birgə proqramların qəbul olunmasını təklif etdik.

Əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin reallaşdırılması üzrə iş müvafiq nazirliklər tərəfindən “Yol Xəritəsi” əsasında həyata keçiriləcək.

Hörmətli tədbir iştirakçıları, çıxışımın sonunda vurğulamaq istərdim ki, bugünkü tarixi görüş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.

Diqqətinizə görə minnətdaram.

x x x

Daha sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Hörmətli Şavkat Miromonoviç.

Əziz dostlar.

İlk növbədə, qardaşım Qurbanqulu Məlikquliyeviçə dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.

Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır. Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.

Mənim dəvətimlə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə idi. Biz iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bərabər olmuşuq və bir çox məsələləri müzakirə etmişik. Mövqelərimiz də üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.

Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.

Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir.

Bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır. Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür. Bunun təşəbbüskarı qardaşım Qurbanqulu Məlikquliyeviçə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları təkrar etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur.

Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun. Sağ olun.

***

Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.

Poliqon xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Poliqon.info

Chosen
31
19
poliqon.info

10Sources