EN

"Ukraynalıların seçimi: Müharibənin bitməsi arzusu və ölkədə qalmaq istəyi" - Sorğunun nəticələri

"Müharibədən yorğun ukraynalılar ölkədən getmək istəmir..."

Ukraynada keçirilən son sorğular göstərir ki, ictimai rəy ikili hisslər arasında bölünüb: bir tərəfdən xalq müharibənin tezliklə, "nəyin bahasına olursa-olsun", bitməsini istəyir, digər tərəfdən isə çoxu öz gələcəyini ölkə ilə bağlamağa davam edir.

Moderator.az xəbər verir ki, bu barədə "İlko Kuçeriv adına Demokratik Təşəbbüslər Fondu"nun apardığə sorğunun nəticələrindən bəlli olub.

Müharibə yorğunluğu və ümid axtarışı

Fondun avqustun 12–18-də apardığı sorğu nəticəsində bəlli olub ki, ukraynalıların 55 faizi müharibənin mümkün qədər tez, istənilən şərtlərlə sona çatmasını istəyir. Bu göstərici 2023-cü illə müqayisədə kəskin artıb: o zaman belə düşünənlərin payı cəmi 30 faiz idi. Eyni zamanda 30 faiz qəti olaraq buna qarşı çıxır.

Bununla belə, xalqın böyük əksəriyyəti - 73 faizi Ukraynanın qalib gələcəyinə inanır. Ancaq bu inam 2022-ci ilin əvvəlindəki 91 faizlik göstəricidən xeyli aşağı düşüb. Ən çox şübhə şərq vilayətlərindədir: burada respondentlərin cəmi 55 faizi qələbəyə inanır.

Qələbə anlayışı və gözləntilər

Respondentlərə "qələbə"nin onlar üçün nə demək olduğu sualı da verilib. Ən çox qeyd olunan cavablar bunlar olub:

- əsir və deportasiya olunanların geri qaytarılması -  37 faiz;

- dövlətçiliyin qorunması - 31 faiz; 

- raket hücumlarının dayandırılması - 30 faiz;

- 1991-ci il sərhədlərinə qayıdış - 27 faiz;

- Putinin hakimiyyətdən uzaqlaşdırılması - 23 faiz,

Ölkədə qalmaq istəyi: nəsil fərqləri

Eyni sorğu çərçivəsində iştirakçılara öz gələcəklərini Ukraynada qurmaq istəyib-istəmədikləri də soruşulub. Nəticələr göstərib ki, 83 faiz vətəndaş ölkədə qalmaq niyyətindədir. Bununla belə, bu göstərici 2022-ci ildən bəri təxminən 6 faiz azalıb. Maraqlıdır ki, 2020-ci ildə - müharibədən əvvəl  bu rəqəm cəmi 70 faiz olub.

Nəsillər arasında fərq açıq şəkildə hiss olunur: gənclərin yalnız 71 faizi özünü Ukraynada görür, yaşlı nəslin isə 91faizi ölkədə qalmaq istəyir. Regional bölgüdə isə ən yüksək göstəricilər Qərb və Mərkəzi Ukraynada (85 faiz), ən aşağısı isə Cənub (78 faiz) və Şərqdədir (77 faiz).

Ümidlərlə qorxular arasında

Ukraynanın gələcəyi barədə soruşulduqda vətəndaşların cavabları qarışıq olub:

- ümid - 58 faiz;

- narahatlıq - 43 faiz;

- nikbinlik - 28 faiz;

- qorxu - 21 faiz;

- çaşqınlıq - 21 faiz;

- inam - 16 faiz.

Siyasi fon və reallıqlar

Bu sorğular Putinin sülh üçün irəli sürdüyü sərt şərtlər fonunda aparılıb: Donbasdan imtina, NATO-dan uzaq durmaq və neytrallığı qorumaq. ABŞ prezidenti Trampın vasitəçilik təşəbbüsləri isə hələlik nəticəsiz qalıb. Ukrayna cəmiyyətindəki mövqelər də göstərir ki, xalq həm yorğunluq, həm də inad arasında tərəddüd edir: müharibəni bitirmək istəyi ilə gələcəyə ümidini qorumaq arzusu iç-içədir.

Chosen
23
moderator.az

1Sources