EN

“İsrail-Suriya razılaşması mümkündür” - Həşim Səhrablı

“ABŞ-da hansısa bir vasitəçilik vasitəsilə İsrail və Suriya arasında razılaşmanın əldə olunması əslində qeyri-mümkün hesab edilməməlidir. Bu, həmişə mümkün ehtimallar sırasına daxil olub və öz canlılığını qoruyub saxlayırdı. Lakin indiki vəziyyətdə bunun baş verməsi üçün ilkin şərtlər hələ formalaşmayıb. İlkin şərtlərdən biri İsrailin Suriyanın suverenliyinə hörmət göstərməsidir. Hazırda İsrail bəzi ərazilərdə, o cümlədən Qolan təpələrində mövcuddur və bu, Suriyanın ərazi suverenliyinə müəyyən mənada müdaxilə hesab olunur. Qolan təpələrindəki işğal və son hadisələr bu mövqeyi təsdiqləyir. Bu baxımdan, Suriya İsraillə hərbi baxımdan güclü bir tərəflə düşmən qalmaq istəmir. Eyni zamanda, İsrail də bölgədə kifayət qədər düşmən və rəqabət mühitindədir və Suriya ilə yeni bir düşmən yaratmaq istəmir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, İsrail və Suriya arasında sentyabrın 25-də ABŞ-ın vasitəçiliyi ilə təhlükəsizlik sazişi imzalana bilər. Bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, saziş Suriya Prezidenti Əhməd əş-Şaranın BMT Baş Assambleyasında ilk çıxışından bir gün sonra imzalanacaq. Sazişin məqsədi İsrail və Suriya arasındakı gərginliyi azaltmaqdır, lakin yaxın gələcəkdə genişmiqyaslı sülh müqaviləsinin imzalanması gözlənilmir. Bununla belə, Suriya hökuməti yayılan məlumatları təkzib edib.

Siyasi şərhçi qeyd edib ki, hər iki tərəf geosiyasi mürəkkəbliyi nəzərə alaraq barışıq istiqamətində hərəkət etməyə maraqlıdır.

“Suriya tərəfinin razılaşmanı təkzib etməsi göstərir ki, danışıqlar hələ də davam edir və razılaşmaya hazırdırlar, lakin ilkin şərtlər – İsrailin Suriyanın suverenliyinə hörmət öhdəliyini götürməsi – hələ təmin edilməyib. Hər iki tərəf öz suveren ərazilərinə çəkilməli, biri digərinin daxili işlərinə qarışmamaq öhdəliyi götürməli və beynəlxalq aləmdə və ya regional münasibətlərdə bir-birinə təhlükə yaratmamalıdır. Bu ilkin şərtlər formalaşdıqdan sonra Suriya və İsrail görüşdə iştirak edə və razılaşma əldə edə bilərlər. Belə bir razılaşma, Suriyada formalaşan yeni geosiyasi realıqlar və yeni status quo fonunda, sabitliyə və təhlükəsizliyə yönəlmiş önəmli bir aktor rolu oynaya bilər. Bu o deməkdir ki, İsrail və Suriya bir-birini faktiki olaraq tanıyacaq, münasibətlər hörmət və prinsiplər əsasında bərpa olunacaq. Ən azından bu iki tərəf artıq bir-birinə düşmən mövqeyi sərgiləməyəcək. Bu, həmçinin Türkiyə vasitəsilə Suriya və İsrail arasında yeni iqtisadi reallıqların yaranmasına imkan verə bilər. Beləliklə, Şərqdən Qərbə uzanan ticarət yolları, orta dəhlizlər və Zəngəzur koridoru kimi layihələr çərçivəsində, iqtisadi əlaqələr hərəkətə keçə bilər. Bu, həm Suriya, həm də İsrail üçün faydalı olacaq və qlobal əməkdaşlıq imkanlarını genişləndirəcək”.

Siyasi şərhçi əlavə edib ki, hərbi və təhlükəsizlik baxımından razılaşma eskalasiya riskini azaldacaq:

“Suriyada mövcud olan hərbi gərginliklər, Qolan təpələri və İsrailin geniş ərazi iddiaları, Suveyda üzərində bəzi israilli rəsmlərin haqq iddiaları və digər oxşar məsələlər qarşılıqlı hörmət və suverenlik prinsipləri əsasında həll olunarsa, eskalasiya riskləri minimuma enəcək. Bu, həm İsrail, həm Suriya, həm də qonşu dövlətlər üçün kompakt və stabilliyi təmin edən təhlükəsizlik mühitinin formalaşmasına xidmət edəcək. Beləliklə, razılaşma yalnız siyasi və diplomatik deyil, həm də iqtisadi, hərbi və regional stabilliyi gücləndirən strateji bir addım olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Chosen
2
aznews.az

1Sources