Fransanın Xarici İşlər Nazirliyi İtaliyanın Parisdəki səfiri Emanuela D'Alessandronu nazirliyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, buna səbəb İtaliya baş nazirinin müavini, anti-immiqrant mövqeyi ilə tanınan “Liqa” partiyasının lideri Matteo Salvininin Fransa prezidenti Emmanuel Makron barədə söylədiyi kəskin ifadələr olub.
Salvini Milana səfəri zamanı Ukraynaya hərbi qüvvə göndərilməsi ilə bağlı suala cavab verərkən Makronu hədəfə alıb. “Ukraynaya Makronun özü getsin, dəbilqə taxsın və silah götürsün”, - o deyib. Mart ayında isə Salvini Fransa prezidentini “dəli” adlandırıb, onub Avropanı Rusiya ilə müharibəyə sürüklədiyini iddia edib.
Fransanın XİN-də italyan səfirinə bildirilib ki, bu cür açıqlamalar iki ölkə arasında tarixi dostluq və etimada əsaslanan münasibətlərə ziddir. Nazirlik xatırladıb ki, Paris və Roma Ukraynaya dəstək məsələsində çox vaxt eyni mövqedən çıxış ediblər.
Qeyd edək ki, İtaliya “İstəkli Koalisiyası”na üzv olsa da, Baş nazir Corciya Meloni dəfələrlə bəyan edib ki, Roma Ukraynaya hərbi kontingent göndərmək niyyətində deyil.