Yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etmək yol hərəkəti təhlükəsizliyi baxımından ən ciddi risklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən 10–20 faizi sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.
Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a bildirilib ki, son zamanlar təəssüf ki, ölkəmizdə də məhz bu səbəbdən baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.
Yuxululuğa səbəb olan əsas amillər aşağıdakılardır:
- Yuxu rejiminin pozulması: qeyri-müntəzəm iş qrafiki, gündüzdən gecə növbəsinə keçid və bədənin adaptasiyası üçün kifayət qədər vaxt ayrılmaması;
- Uzun müddət fasiləsiz idarəetmə: iki saatdan artıq fasiləsiz avtomobil idarəetməsinin diqqəti zəiflətməsi və reaksiyanı ləngitməsi;
- Avtomobilin texniki xüsusiyyətləri: müasir avtomobillərin səssiz və rahat olması, eləcə də kruiz-kontrol (avtomobilin sürətini sabit saxlayan sistem) funksiyasının sürücünü arxayınlaşdırması;
- Dərman preparatları: bəzi dərmanların yuxululuq yaratması və bununla bağlı xəbərdarlıqlara əməl edilməməsi.