EN

Rusiyada əcnəbilər üçün elektron vizanın etibarlılıq müddəti 120 günə qədər artırılıb

Moskva, 23 avqust, AZƏRTAC

Rusiyada xarici vətəndaşlar üçün elektron vizanın qüvvədə olma müddəti 120 günə qədər artırılıb, viza ilə qalma müddəti isə 30 gün təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, əvvəllər elektron viza 60 gün qüvvədə olduğu halda, qalma müddəti 16 günü keçmirdi. Yeniliklər yalnız birdəfəlik vizalara aiddir. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu addım miqrasiya nəzarəti səviyyəsini və milli təhlükəsizlik tələblərini azaltmadan, xarici turistlərin, işgüzar və humanitar ziyarətçilərin axınını artırmağa imkan verəcək.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimovun sözlərinə görə, vahid elektron viza 64 xarici dövlətin vətəndaşları üçün etibarlıdır. 2025-ci ilin əvvəlindən 404 min elektron viza rəsmiləşdirilib ki, onlardan təxminən 170 mini Çin vətəndaşlarına verilib. Yüksək tələbat Almaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Hindistan və Estoniya vətəndaşları tərəfindən də qeydə alınıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
43
8
azertag.az

9Sources