Özbəkistan Azərbaycan və Türkmənistandakı gəmiqayırma zavodlarından gəmi almağı düşünür.
Referans “Report”a istinadən xəbər verir ki, bunu Türkmənistan-Azərbaycan-Özbəkistan üçtərəfli sammiti çərçivəsində “Özbəkistan-24” telekanalına müsahibəsində Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov deyib.
“Azərbaycanda olduğu kimi, Türkmənistanda da gəmiqayırma zavodu var. Bu gün biz razılaşdıq ki, bu tərsanələrdən gəmilərin alınması məsələsini təhlil edəcəyik. Bütün texniki məsələləri işləmək lazımdır”, – o bildirib.
Nazir qeyd edib ki, Özbəkistan Xəzər dənizində öz bərələrinin istismarına başlamağı planlaşdırır. Bu qərar daşımaların həcminin kəskin artması və hazırda 30-40 günə tıxaclar ilə bağlıdır.
Mahkamov Özbəkistan, Azərbaycan və Türkmənistan arasında nəqliyyat, logistika və ixtisaslaşmış sənaye sahələrində birgə şirkətlərin yaradılmasını nəzərdə tutan üçtərəfli sazişin imzalandığını açıqlayıb.
“Nəqliyyat-logistika və ixtisaslaşmış sənaye müəssisələrində müştərək şirkətlərin yaradılması üzrə işlərin başlanğıcını qoyan üçtərəfli sənəd imzalanıb. Orada yüklərin maneəsiz keçməsi, nəqliyyat-ekspeditorluq xidmətləri üçün şərait yaradacaq, eləcə də həm Özbəkistandan, həm də Özbəkistana yüklərin daşınmasına müəyyən üstünlüklər veriləcək. Təbii ki, Özbəkistan Respublikasından tranzitlə olan daşımalara da”, – o qeyd edib.
Nazirin sözlərinə görə, belə koordinasiya nəqliyyat xərclərini, istehsalçılar və yükgöndərənlərin üzərinə düşən logistik yükü azaldacaq.