EN

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən yüksəksəviyyəli görüş böyük perspektivlər vəd edir ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan, Türkmənistan və Özbəkistan yüksəksəviyyəli görüşü böyük perspektivlər vəd edir. Hər 3 ölkə Türkmənistanda açıq dialoq vasitəsilə çoxtərəfli qarşılıqlı münasibətləri inkişaf etdirmək niyyətlərini ortaya qoydu. Son dövrlərdə xüsusilə fəallaşan Bakı-Aşqabad münasibətləri daha geniş əməkdaşlıq formatına zəmin yaratdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Deputat qeyd edib ki, yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Qardaş Türkmənistan həm də işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edəcək. Bu da bütövlükdə Türk dünyasının prosesə töhfəsi kimi qiymətləndirilməlidir.

Liderlərin Türkmənbaşıda apardığı müzakirələrdən, səslənən bəyanatlardan, əldə olunan razılaşmalardan bir daha aydın oldu ki, siyasi-iqtisad-nəqliyyat, mədəni-humanitar sahələrdə yeni perspektivlər mövcuddur. Üç qardaş ölkə sülhün, sabitliyin tərəfdarıdır və üçtərəfli əməkdaşlıq regional işbirliyi ilə yanaşı, regional təhlükəsizliyə də töhfə verəcək. Bakı, Aşqabad və Daşkənd mövcud iqtisadi potensialı bütövlükdə Avrasiyanın inkişafına yönəltməyin tərəfdarıdır. Tərəflər Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdilər.

Əsas hədəfin qarşıdakı dövrdə üçtərəfli əlaqələri gücləndirmək olduğunu deyən N.Məmmədova qeyd edib: “Azərbaycanın şanlı Qələbəsindən sonra Cənubi Qafqaz regionunda əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaranıb. Üstəlik, dünyada alternativ və təhlükəsiz nəqliyyat dəhlizlərinə ehtiyac olduğu bir vaxtda həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın geosiyasi əhəmiyyəti daha da artıb. Coğrafi mövqe, iqtisadiyyat və nəqliyyat-kommunikasiya imkanları faydalı əməkdaşlığa zəmin yaradır. Türkmənbaşıda liderlər bir daha bəyan etdilər ki, əsas məqsəd dayanıqlı inkişafı təmin etməkdir. Bunun üçün isə regionda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi planları nəzərdən keçirilir. Təsadüfi deyil ki, tərəflər logistika infrastrukturunun inkişafı layihələri üzərində birgə iş aparılması və Xəzər dənizi vasitəsilə bərə daşımaları üzrə razılığa gəldilər. Həmçinin üç ölkənin energetika sahəsində əməkdaşlıq perspektivləri də mövcuddur”.

Milli Məclisin deputatı deyib ki, avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında keçirilən yüksəksəviyyəli görüş qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
azertag.az

2Sources